AZ / EN / RU
Vyetnam Milli Televiziyasının nümayəndə heyəti Bakı Ali Neft Məktəbində

             Vyetnam Milli Televiziyasının nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub. Onlar Azərbaycan Vyetnam əlaqələrinin 60 illiyinə həsr olunmuş sənədli film üçün Bakı Ali Neft Məktəbində çəkilişlər həyata keçiriblər. Ali Məktəbin laboratoriyaları, tədris otaqları, kitabxana, idman zalları və yataqxanasında çəkiliş aparılıb, onlara BANM-in fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib.  

 

            Daha sonra qonaqları Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qəbul edib. 


            Qarşılıqlı əlaqələrdən bəhs edən rektor 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ilə ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açıldığını, son illər əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini bildirib. Rektor iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulduğunu, təhsil və enerji sektorunda da əlaqələrin genişləndiyini qeyd edib. BANM-dəki təhsil və tələbələrə yaradılan şərait barədə məlumat verən E.Qasımov vyetnamlı gənclərin BANM-də təhsil almasına maraqlı olduğunu vurğulayıb. 


            Vyetnam Milli Televiziyasının rejissoru Nguayen Hoang Long çəkiliş üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkür edib. Yeni yaranmasına baxmayaraq, BANM-in kampusunun yüksək standartlara cavab verdiyini və təhsil üçün bütün zəruri şəraitin yaradıldığını bildirib.  O, yaxın müddətdə vyetnamlı gənclərin də  Bakı Ali Neft Məktəbində təhsil alacağına ümidvar olduğunu deyib.