AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında praktik məşğələ keçib

         Bakı Ali Neft Məktəbində (BANM) “Mülki müdafiə və tibbi yardımın əsasları” fənni üzrə növbəti dərs-məşğələləri maraqlı anlarla yadda qalıb.

 

       BANM-in professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) Hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusif-zadənin “Kimya mühəndisliyi” ixtisasının 5-ci kurs tələbələri üçün keçdiyi dərslərdə “Mülki müdafiənin və tibbi yardımın əsasları”, təcili və təxirəsalınmaz hallar haqqında ümumi məlumatlar, mühafizə vasitələrindən istifadə, eləcə də, qəza-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi qaydaları haqqında məlumat verilib.

 

       Dərslər Kənan Yusif-zadənin Ali Məktəbin 5-ci kurs tələbələri üçün dərs vəsaiti kimi hazırladığı eyni adlı kitabı əsasında keçiriıir. Dərslərin əsas məqsədi, tələbələrin tibbi biliklərin əsasına yiyələnmələri və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım bacarıqlarını təmin etməkdir.

 

       Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında tələbələrə praktik məşğələlər də keçilib. Məşğələlərin məqsədi təcili və əlverişsiz halların səbəb olduğu ziyan yerlərinin tibbi və taktiki xüsusiyyətləri, təbii fəlakətlər və ya hərbi təhlükə olduqda insanların köçürülməsi üçün tibbi yardımın təşkili, şəxsi və tibbi qoruyucu vasitələrdən istifadə, fövqəladə hadisələrə məruz qalanların tibbi-təxliyə tədbirlərinin təmin edilməsi, ilkin tibbi yardımın göstərilməsi, tibbi yardımın növləri barədə məlumatlandırma, eləcə də simulyasiya / praktik bacarıqlar formalaşdırmaq olub.

 

 

       Qeyd edək ki, Kənan Yusif-zadə 2016-ci ildən BANM-də “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasının tələbələrinə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnindən dərs deyir.