AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin Cənubi Koreya şirkəti ilə reallaşdırdığı tədqiqat layihəsi uğurla başa çatıb

               Bakı Ali Neft Məktəbində (BANM) Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyunqsunq Universitetinin nümayəndələri ilə görüş keçirilib..

 

               Görüşdə rektor Elmar Qasımov, HMC şirkətinin vitse-prezidenti Park Gabju və onun rəhbərlik etdiyi nümayəndə heyəti, KyunqSunq Universitertinin Elektronika mühəndisliyi fakültəsinin professorları Park Jangsik, Dong-Hee Lee, həmçinin Ali Məktəbin məsul əməkdaşları iştirak ediblər.


               Görüşdə Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyungsung Universiteti ilə CCTV (closed-circuit television) – qapalı kontur üçün uzaqdan video müşahidə texnologiyasından istifadə etməklə qazın ilkin təsbitetmə və daxilolmaya nəzarət sistemi üzrə elmi-tədqiqat lahiyəsi üzrə əldə olunan nəticələr müzakirə olunub.


                Cənubi Koreya Respublikasının qrantı hesabına reallaşdırılan layihə BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə birgə həyata keçirilir. Xüsusi təyinatlı, son nəsil müşahidə kameraları ilə hətta çox kiçik qaz sızmalarını belə müəyyən etməyi nəzərdə tutan layihə qaz itkisinə qənaet etmiş və bununla da şirkətlərə böyük vəsaitlər qazandırmış olacaq. Sözügedən avadanlıqlar “SOCAR”ın Qaz İxrac İdarəsinin Qaz kompressor stansiyalarında sınaqdan keçirilib. Stansiyanın 3D modeli BANM-dəki Mərkəzə inteqrasiya olunub. 


                 E.Qasımov HMC şirkətinin və KyunqSunq Universitetinin nümayəndələrini yenidən Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. O, layihə çərçivəsində artıq 1 ildir ki, Ali Məktəbin kampusunda HMC şirkətinin avadanlıqları ilə təchiz edilmiş mərkəzin fəaliyyət göstərdiyini qeyd edib. Bu mərkəz BANM ilə Kyunqsunq Universitetinin birgə elmi tədqiqat layihələrinin əsasında fəaliyyət göstərir. “Zənnimcə, layihə uğurla reallaşdırılıb və biz növbəti mərhələnin həyata keçirilməsində maraqlıyıq” – deyə rektor qeyd edib. 


                  HMC şirkətinin vitse-prezidenti Park Gabju bu layihənin  BANM ilə əməkdaşlıq sayəsində Azərbaycanda uğurla sınaqdan keçirildiyini, növbəti mərhələdə hazır məhsulların bazara çıxarılacağını bildirib. “Avadanlıqlar Koreyada aidiyyatı qurumlarda sınaqdan uğurla keçib. Koreya Elektrik İdarəsində, Seul Metropolitenində avadanlıqlar quraşdırılıb, infrastruktur yaradılıb. Hazırda infrastruktura servis göstərilməsi üzərində çalışırıq” – deyən Park Gabju Azərbaycanda HMC şirkətinin filalını açmaq istədiklərini də qeyd edib. 
1997-ci ildə fəaliyyətə başlayan HMC şirkəti Sənaye 4.0 sistemi və süni intellekt sahəsində ixtisaslaşıb. 
Xatırladaq ki, 2018-ci ildə BANM-in rektoru Elmar Qasımovla HMC şirkətinin prezidenti Park Hak – Joo “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar.