AZ / EN / RU
Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başa çatıb

        Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti IV kursu uğurla başa çatıb.

 

       Təlimlərdə iştirak üçün daxil olan 150-ə yaxın müraciətdən proqramın meyarlarına uyğun olan 100-dək tələbə seçilib. Onlar, Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik, Bakı Dövlət, Azərbaycan Texniki, Xəzər universitetlərinin, eləcə də Milli Aviasiya Akademiyasının tələbələridirlər.

 

       2 ay müddətində davam edən proqramın tədris edilməsi üçün müxtəlif şirkətlərdə çalışan təcrübəli ekspertlər cəlb olunub. “Mühəndislər üçün biznes təhsili”-nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxil olub.

 

       Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim edilib.

 

       Təqdimetmə mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti mərhələsi də müvəffəqiyyətlə öz işini yekunlaşdırıb. O bildirib ki, layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.  

 

       “Əsas məqsəd gənc mühəndislərə ümumi biznes bilikləri, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir” - deyə rektor əlavə edib.

                                        

     Azərbaycan Fransız Universitetinin 4-cü kurs tələbəsi Sevinc Abbasova  və Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi Elvin Şirinov çıxış edərək layihə barədə təəsürratlarını bölüşüblər.