AZ / EN / RU
Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin modul sertifikatları təqdim olunub

            Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (“STRATEX”) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən Layihə İdarəetmə Məktəbinin (SPM) 3 modulu üzrə sertifikatlar təqdim olunub. Təlim proqramındakı modullar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramına əsaslanıb.  

 

             Layihə İdarəetmə Məktəbininin bu dəfəki iştirakçıları arasında BP, SOCAR, SOCAR Polymer, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Paşa Holdinq MMC, ABB, Azercell kimi şirkət və qurumların menecerləri, eləcə də məsul əməkdaşları var. Layihələrin idarə edilməsi, Qrafik və xərclərə nəzarət və Risklərin idarə edilməsi modulları üzrə 22 iştirakçıya ABŞ-ın Corc Vaşinqton Universitetinin modul sertifikatları təqdim edilib.

 

               Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin iştirakçılarını modulları uğurla başa vurmaları münasibətilə təbrik edərək bildirib ki, BANM-də davamlı formada reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər. 

 

                Dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu layihədə iştirakına üstünlük verir.

 

                 Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramı əsasında təlim keçirilir. Həmin modullara “Layihələrin idarə edilməsi”, “Layihəyə rəhbərlik”, “İdarəetmə və kommunikasiya”, “Risklərin idarə edilməsi”, “Qrafik və xərclərə nəzarət”,  “Layihə menecerləri üçün keyfiyyət”, “Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri”, “Layihələri idarəetmə mütəxəssisi (PMP)” imtahanına hazırlıq, “Layihə menecerləri üçün danışıqların aparılması” bacarıqları kimi kurslar daxildir.