AZ / EN / RU
Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti V kursuna start verilib. 

 

Təlimlərdə iştirak üçün daxil olan 150-ə yaxın müraciətdən proqramın meyarlarına uyğun olan 100-dək tələbə seçilib. Onlar, Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik universitetlərinin tələbələridirlər.

 

2 ay müddətində davam edəcək kursun proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarə edilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarə edilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir. 

 

Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim ediləcək. 

 

Layihənin növbəti kursunun açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsi çərçivəsində tədris olunan modulları mənimsəyən tələbələr fəaliyyətlərində yeni istiqamətlər müəyyən edəcəklər. O bildirib ki, layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrdə peşə vərdişləri ilə yanaşı, sosial bacarıqların da inkişaf etdirilməsidir. 

 

 “BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, layihə 2 ildən çoxdur ki, BP şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi tərəfindən uğurla reallaşdırılır. O qeyd edib ki, nəticələrin təhlili göstərir ki, layihə tələbələrdə yeni bacarıqların müəyyən edilməsi baxımından olduqca əhəmiyyətlidir. 

 

Tədbirdə Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova layihə, tədris olunacaq modular, dərs prosesi barədə təqdimatla çıxış edib. 

 

Təlimlərdə iştirak edən tələbələr daha sonra Bakı Ali Neft Məktəbinin kampusu ilə tanış olublar.