AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin gənc ixtiraçısı iqlim və enerji üzrə startap müsabiqəsində

  2019-cu il noyabrında Amsterdamda keçirilən “ClimateLaunchpad” adlı beynəlxalq müsabiqənin finalında Bakı Ali Neft Məktəbi Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Güllü Hüseynlinin komandasının hazırladığı “Climasel” startapı ilə təmsil olunub.

 

O, beynəxalq müsabiqənin milli finalının qalibidir.

 

Layihə müasir cəmiyyətdə enerjiyə qənaət və alternativ enerji mənbələri kimi aktual mövzulara toxunur. İxtiranın başlıca məqsədi ətraf mühitə mənfi təsiri azaltmaqdan ibarətdir. Layihənin mahiyyəti və komandanın uğur hekayəsi barədə Avropa Birliyi Şərq Qonşuları portalında məqalə dərc olunub. Həmin məqaləni ixtisarla təqdim edirik.

 

Climasel – ekoloji temperatur rejimi:

 

Bu ideyanı Güllü Hüseynli və onun komadası 2019-cu ilin yaz fəslinin sonunda  düşünüblər. Artıq kondisionerlər, yəni enerji istifadəsinə yönələn məsrəflərin xeyli çoxalmasına gətirib çıxaran fəsil yaxınlaşırdı. Komanda, elektrik enerjisinin qənaətinə kömək edəcək və bununla da maliyyə xərclərini və ətraf mühitə dəyən ziyanı azalda biləcək innovativ bir texnologiya yaratmaq qənaətinə gəldi. Nəticədə, “Climasel” adlanan asma tavanlar üçün enerjiyə qənaət edən panellər layihəsi ərsəyə gəldi.

 

Panellərin işləmə prinsipi ondan ibarətdir ki, istilər düşəndə və otaqda temperatur yüksəldikdə, panelin içində yerləşdirilən element əriyir və istilik mübadiləsi nəticəsində istiliyin bir hissəsini ətrafdakı havadan özünə çəkir. Axşam saatlarında isə, hava bir qədər sərinləşdikdə, həmin element bərkiyərək saxlanılan istiliyi geriyə qaytarır.

 

“Hesablamalarımıza görə, yeni üsul elektrik enerjisinin 25%-ə qədər qənaət imkanı yaradacaq, əks təqdirdə o, kondisionerin işlənməsinə sərf ediləcəkdi”, deyə Güllü Hüseynli qeyd edir. Onun komandası öz ixtirasının böyük biznes potensiala malik olmasına inanır. “Climasel müasir cəmiyyət üçün vacib və aktual olan məsələyə - enerjinin qənaətinə toxunur və bu bizdə ideyamızın dünyanın müxtəlif ölkələrində maraq doğuracağına ümid yaradır. Azərbaycanda belə şirkətin açılması isə böyük sərmayələr cəlb edə bilər”, - Güllü Hüseynli əlavə edir.

 

Komanda üzvlərinin bildirdiyinə görə, panelin 1 m²-i 35 avroya başa gəlir, bununla belə mənfəət 10 avro təşkil edir. Beləliklə, ildə 30 min m² panel satıldıqda təmiz mənfəət 300 min avro təşkil edəcək. Gələcəkdə brendin özünü daha çox tanıda biləcəyini nəzərə alsaq, bu satışların da, mənfəətin də çoxalmasına gətirib çıxaracaq. Hazırda komandanın əsas məqsədi panellərin prototiplərinin, o cümlədən, dizaynların  təkmilləşdirilməsindən ibarətdir. Daha sonra onlar pilot testlərin keçirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətə təqdim olunacaq ki, burada son məqsəd – gələcəkdə bazara çıxışdır. Güllü deyir ki, bunun üçün komandaya 30 min manat (təxminən 16 000 avro) məbləğində sərmayə lazım olacaq.

 

"ClimateLaunchpad" – yaşıl texnologiyalar sahəsinə aid olan startapların ən böyük beynəlxalq müsabiqəsidir, məqsədi də parlaq və perspektivli ideyaları aşkar etmək və onların dayanaqlı biznes layihələrə çevrilməsinə dəstək verməkdir.

 

Müsabiqədə iştirak edən startaplar dünyanın bütün ölkələrindən təqdim olunur və onların sayı ilbəil artır. Hər il ClimateLaunchpad bütün dünyadan iqlimə aid 3 ən yaxşı biznes ideyanı seçir. 2019-cu ildə müsabiqəyə 55 ölkədən startaplar təqdim olunub. Azərbaycan bu yarışmaya 2017-ci ildən qatılıb.