AZ / EN / RU
İstanbul Texnik Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

          Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

 

           Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

 

            Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunu ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar, onlara elmi-tədqiqat laboratoriyalarının, kitabxananın, idman və fitness zallarının, tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

 

            Daha sonra rektor Elmar Qasımovla görüş zamanı BANM ilə İTU arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

             Eyni zamanda BANM-də yaradılması nəzərdə tutulan kompüter mühəndisliyi ixtisası üzrə İTU-nun təcrübəsinin öyrənilməsi, birgə akademik proqramların həyata keçirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi, ikili diplom, birgə innovasiya layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

 

             Elmar Qasımov İstanbul Texnik Universitetinin mühəndislik sahəsindəki çoxillik effektiv fəaliyyətinin BANM üçün uğurlu təcrübə olacağını bildirib. O, bu baxımdan ikitərəfli əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini qeyd edib. E.Qasımov gənc Ali Məktəb olmasına baxmayaraq, BANM-in mühəndislik sahəsində yüksəkixtisaslı peşəkar mühəndis kadrların yetişdirilməsində lider mövqeyini qoruyub saxladığını vurğulayıb. Rektor ölkənin ən intellektual potensiallı gənclərinin də BANM-də təhsil aldığını qonaqların diqqətinə çatdırıb.

 

             İTU rektoru, professor Mehmet Karaca isə öz növbəsində rəhbərlik etdiyi universitet barədə geniş məlumat verərək, 150 illik tarixi olan İTU-nun nüfuzlu məzunlarından, xarici əlaqələrindən, beynəlxalq reytinq cədvəllərindəki mövqeyindən danışıb. O, BANM ilə əlaqələrin genişlənməsinə maraqlı olduğunu qeyd edərək, bu görüşü gələcək əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

 

              Daha sonra BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Eyni zamanda BANM-in Erasmus+ və Beynəlxalq Proqramlar  Ofisi ilə İTU arasında “Mevlana” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa dair də müqavilə imzalanıb.

 

               Qeyd edək ki, sözügedən proqramın məqsədi Türkiyə Cümhuriyyətinin  ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir.

 

                Sonda Elmar Qasımov İTU rektoru Mehmet Karacaya BANM-in “Fəxri qonaq” plaketini təqdim edib.