AZ / EN / RU
Macarıstan səfirliyinin nümayəndələri Bakı Ali Neft Məktəbində qonaq olublar

          Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) qonaq olublar. Əvvəlcə BANM-də kampus turunda iştirak edən səfirliyin Enerji və Təhlükəsizlik üzrə diplomatı cənab Peter Cseh, Mədəniyyət və Təhsil üzrə diplomat cənab Mihali Gruber daha sonra  Ali Məktəbin Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanovla görüş keçiriblər.

       Görüş zamanı BANM haqqında geniş məlumat verən prorektor Zəfər Qurbanov ölkənin ən istedadlı gənclərinin Bakı Ali Neft Məktəbini seçdiyini, ümumilikdə ölkənin 102 prezident təqaüdçüsünün ən çox məhz Ali Məktəbin payına düşdüyünü qonaqların diqqətinə çatdırıb. Prorektor BANM-in əsas uğurunu tanınmış və nüfuzlu xarici şirkətlərlə  qurulmuş sıx və davamlı əməkdaşlıq, eləcə də xarici universitetlərlə birgə elmi-tədqiqat layihələrinin icrası, tələbələrin davamlı formada xarici şirkətlərdə istehsalat təcrübələri keçməsi və onların innovasiyalara, qlobal trendlərə açıq olması, nəticədə beynəlxalq standartlara cavab verən mühəndis kimi yetişməsi ilə əlaqələndirib. Z.Qurbanov eyni zamanda təhsil sahəsində yeni əməkdaşlıqların qurulmasının vacibliyini də xüsusi olaraq vurğulayıb.

       Macarıstan səfirliyinin Mədəniyyət və Təhsil üzrə diplomatı cənab Mihali Gruber bildirib ki, artıq xarici tələbələrin Macarıstanda təhsil alması, mübadilə proqramlarına aid məsələlər Macarıstan Respublikasının Xarici İşlər Nazirliyinin səlahiyyətində olan məsələdir və bu məsələ, müxtəlif ölkələrdəki səfirliklər vasitəsilə diqqətdə saxlanılır. Həmçinin diplomat qeyd edib ki, Macarıstan hökumətinin təqaüdü (Hungarikum təqaüdü - Stipendium Hungaricum), Visheqrad kimi təqaüd proqramı, Erasmus+ kimi mübadilə proqramları ilə xarici tələbələr Macarıstanda təhsil ala bilər. Cənab Mihali Gruber vurğulayıb ki, Macarıstan hökuməti hər il Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırır. O, təqaüdün əsasən prioritet sahələr kimi kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, mühəndislik, təbiət elmləri istiqamətində verildiyini bölüşüb.

        Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi və elmi-tədqiqatlar sahəsində əlaqələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.