AZ / EN / RU
Elmar Qasımov onlayn iclas keçirib

      Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin akademik və administrativ heyətinin iştirakı ilə onlayn iclas keçirib.

 

     Video iclasda ölkədə yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq tədrisin, buraxılış işlərinin təşkili, tələbələrlə iş, distant imtahanların gedişatı, postpandemiya dövründə görüləcək tədbirlər və s. kimi məsələlər müzakirə edilib. 

 

     İclasda ilk olaraq, ötən ay faciəvi formada həyatını dəyişən Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Nilgün Məhərrəmovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

     Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

 

     Rektor Elmar Qasımov ali və ümumtəhsil məktəblərində dərslərin davam etidirilməsinin kütləvilik yaratdığı üçün infeksiyanın geniş yayılmasına səbəb olacağı nəzərə alınaraq distant təhsilə keçidin vaxtında qəbul edilmiş qərar kimi qiymətləndirib.

 

     ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda BANM tələbələrinin uğurla iştirak etdiyini bildirən E.Qasımov ümumilikdə sözügedən proqram çərçivəsində Ali Məktəbin 411 tələbə və müəlliminin bu kurslara qoşulduğunu diqqətə çatdırıb. O həmçinin, ölkədə ilk dəfə olaraq məhz Bakı Ali Neft Məktəbində uğurla təşkil olunan onlayn imtahanların cari tədris ilini vaxtında başa vurmağa imkan verdiyini qeyd edib. 

 

     Bu il “Məzun Günü”-nün fərqli formatda keçiriləcəyini bildirən rektor, məzunlara diplomların vaxtında verilməsi üçün bütün prosedurların operativ icra olunmasının vacibliyini vurğulayıb.

 

     İclasda bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Şöbə, kafedra rəhbərlərinin və müəllimlərin fikirləri dinlənilib.

 

     Sonda rektor gündəmdə olan məsələlərin ən optimal şəkildə həyata keçirilməsi üçün müvafiq struktur bölmələrinə tapşırıqlar verib.