AZ / EN / RU
Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək

    Bakı Ali Neft Məktəbi İtaliyanın Milano-Bicocca Universiteti ilə birgə 6-16 sentyabr 2020-ci il tarixlərində onlayn formatda “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yaşıl Enerji İdarəetməsi (GEM – Green Energy Management) Yay Məktəbi təşkil edəcək. 

 

       Yay Məktəbində iştirak etmək istəyən  tələbələrin müraciətlərinin qəbuluna başlanılıb.

 

       Müraciət ərizələri 15 iyun tarixinədək bu ünvana - http:www.summerschoolbicocca.com/20-GEM.php göndərilməlidir.

 

       GEM Yay Məktəbində iştirak edən magistr tələbələri ənənəvi və yaşıl enerjiyə dair ümumi məlumat əldə edəcək, onlayn dərslərdə əsas enerji prinsipləri, üzvi tullantıların təkrar emalı, bioyanacaq, hidroenerji istehsalı, külək və günəş enerjisi, kənd təsərrüfatında təkrar istehsal və iqlim dəyişikliyi üçün maliyyələşdirmə kimi mövzular üzrə  müzakirələrdə iştirak edə biləcəklər. 

 

      Bütün dərslər/mühazirələr və qrup işləri distant təhsil platformaları vasitəsi ilə saat 11:00-dan 14:00-dək (Bakı vaxtı) keçiriləcək. İştirakçılar distant təhsil formatında keçiriləcək dərslərdə iştirak edərək texniki biliklər əldə edə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirə biləcəklər. 

 

       Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Milano-Bicocca Universiteti ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə GEM Yay Məktəbini uğurla təşkil edib. GEM 2013-cü ildə fəaliyyətə başlamış və həm ənənəvi, həm də bərpa olunan enerji idarəetmə və davamlı ətraf mühit sahəsində geniş təcrübəyə malik olan bir çox Avropa Universitetinin alim və mütəxəssisləri tərəfindən idarə olunur. GEM təcrübə mübadiləsi, şəbəkə imkanları, yeni regional layihə ideyaları və təşəbbüslər yaratmaq üçün dünyanın hər yerindən (Şərqi və Qərbi Avropa, Afrika, Asiya və Cənubi Amerika) tələbələri bir araya toplayır.