AZ / EN / RU
Bakı Ali Neft Məktəbində magistratura təhsili nə vəd edir?

2020/2021-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin (BANM) magistratura səviyyəsinə ümumilikdə 75 yer ayrılıb.  

 

Ali Məktəbin magistratura planında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları, Yatağın qiymətləndirilməsi və idarəolunması, Neft və qaz texnologiyası, Texniki sistemlərdə informatika və idarəetmə ixtisaslaşmaları üzrə qəbul həyata keçirilir. Belə ki, Yatağın qiymətləndirilməsi və idarəolunması ixtisaslaşması üzrə 10, Neft və qaz texnologiyası ixtisaslaşması üzrə 10, Texniki sistemlərdə informatika və idarəetmə ixtisaslaşması üzrə 5 yer, MBA proqramında isə Biznesin idarə edilməsi ixtisaslaşması üzrə 50 yer ayrılıb. 

 

Qeyd edək ki, yalnız Biznesin idarə edilməsi üzrə təhsil ödənişli əsaslarla həyata keçirilir və təhsil haqqı 5 000 (beş min) AZN təşkil edir.

 

Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi üzrə təhsil Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında aparılır.

 

Bakı Ali Neft Məktəbində magistratura səviyyəsinə qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında reallaşdırılır.

 

Məlumat üçün bildirək ki, bütün ixtisaslarda təhsil ingilis dilindədir.

 

Magistratura səviyyəsi üzrə ixtisaslar və kodları aşağdakı kimidir:

 

  • Neft-qaz mühəndisliyi (Yatağın qiymətləndirilməsi və idarə olunması) – 248124;
  • Kimya mühəndisliyi (Neft və qaz texnologiyası) - 248132;
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Texniki sistemlərdə informatika və idarəetmə) -  248149;           
  • Biznesin idarə edilməsi (MBA) – 248116

 

Qeyd edək ki, magistratura səviyyəsi üzrə təhsil müddəti 1,5 il, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası və MBA proqramı üzrə isə 2 il ərzində, dərslər axşam saatlarında təşkil olunur.

 

BANM mühəndislik sahəsi üzrə yüksəkixtisaslı, peşəkar mütəxəssis və tədqiqatçı yetişdirmək məqsədi ilə magistrantların təhlili və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onları elmi tədqiqat işlərinin aparılması istiqamətində də hazırlayır. Eyni zamanda, ən müasir texnologiyalarla birbaşa əlaqəli olan neft-qaz mühəndisliyi və kimya mühəndisliyi sahələrində tədqiqat təcrübəsi təşkil edilir.

 

Magistratura səviyyəsi və MBA proqramı üzrə tədris prosesi yüksəkixtisaslı elmi-pedaqoji kadrlar, iş adamları, ayrı-ayrı müəssisələrin rəhbər şəxsləri tərəfindən yerinə yetirilir. Bundan başqa, həftənin şənbə günləri təcrübəli və tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunur.