AZ / EN / RU
Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları yekunlaşdı

Bakı Ali Neft Məktəbində (BANM) onlayn formatda keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları öz işini yekunlaşdırıb.  

 

Onlayn konfranslara BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən 100-dək iştirakçı qatılıb.

 

 “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər” mövzusuna həsr olunan “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” adlı konfransın bağlanış mərasimi keçirilib.

 

Bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib, qalibləri təbrik edib.  

 

“Mütərəqqi materiallar və polimerlər” mövzusunda konfransda I yerə Azərbaycan-Fransız Universiteti, II yerə Bakı Ali Neft Məktəbi, III yerə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti layiq görülüb.

 

“Neft-qaz və neft-kimya prosesləri” mövzusunda konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti I yerin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı II yerin, Bakı Ali Neft Məktəbi III yerin qalibi olub.

 

“Ekoloji problemlər və biotexnologiya” mövzusunda konfransda I və II yerləri müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti, III yeri isə Bakı Ali Neft Məktəbi və AMEA Neft-Kimya Prosesləri İnstitutu bölüşüb.

 

Poster təqdimatında Bakı Ali Neft Məktəbi və AMEA Neft-Kimya Prosesləri İnstitutu I yerdə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə II və III yerdə qərarlaşıb.

 

Ümumilikdə konfranslara Azərbaycanın 10-a yaxın təhsil müəsissəsindən - ADA, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik, Xəzər, Sumqayıt Dövlət, Azərbaycan Texnologiyalar universitetlərinin, Milli Aviasiya Akademiyasının, AMEA İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarının tələbə və gənc tədqiqatçıları tezislər təqdim edib. Eyni zamanda, beynəlxalq konfransa İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin və  Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə Məktəbindən də tezislər təqdim olunub.  Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları 8-11 iyun tarixlərini əhatə edib.