AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri IELTS imtahanında yüksək nəticələr göstəriblər

     Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının I kursunu bitirən (Foundation) tələbələrin bir qismi iyun ayında British Council tərəfindən keçirilən IELTS imtahanında iştirak edərək uğurlu nəticələr əldə ediblər.

 

     Ali Məktəbin rektoru Elmar Qasımov bu münasibətlə İngilis dili və humanitar fənlər mərkəzinin nümayəndələri ilə onlayn görüş keçirib.

 

      IELTS imtahanlarında iştirak etmiş I kurs tələbələrinin nəticələri ilə tanış olan rektor bildirib ki, BANM  ingilis dilli təhsil müəssisəsi olduğundan burada tələbələrin  ixtisas fənlərini yüksək səviyyədə mənimsəməsi üçün ingilis dilini yüksək səviyyədə bilmək önəmlidir. Həmçinin, Elmar Qasımov müasir əmək bazarında yüksək ixtisaslı kadr kimi yetişmək və beynəlxalq trendləri izləmək üçün tələbələrin davamlı formada xarici dil biliklərinin, xüsusilə dünyada aparıcı rola malik ingilis dilini təkmilləşdirməyin əhəmiyyətini qeyd edb.

 

     BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin rəhbəri Asif Qocayev  IELTS imtahanları zamanı ən yüksək nəticələr göstərmiş tələbələr haqqında məlumat verib. O bilidirib ki, Aysu Zamanova (8.0), prezident təqaüdçüsü Əsmər Şıxəmirli (7.5) və tədris ilinin əvvəlində İngillis dilini başlanğıc (Starter) səviyyədə bilən  və xüsusilə fərqlənən Şahin Quliyev (7.5) və Almaz Heydərova (7.0), eləcə də Nurlan Təhməzov (7.0) təhsil müddətində yüksək əzmkarlıq nümayiş etdirərək yüksək nəticəyə nail olublar. A.Qocayev tədris ilinin sonunda IELTS imtahanından uğurla keçən tələbələrin növbəti tədris ilində təhsillərini ixtisas fənləri üzrə davam etdirəcəklərini də qeyd edib.

 

     Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tələbələri ilk bir il ərzində intensiv şəkildə ingilis dili fənni üzrə təhsil alırlar. 2012-ci ildən Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin yüksək ixtisaslı müəllimləri ən müasir pedaqoji metodlardan istifadə etməklə, tədrisdə yüksək nəticələrə nail olurlar.