AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilmiş "BiblioBHOS" mütaliə müsabiqəsinin qalibləri açıqlanıb

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı və "BookZone" kitab evinin sponsorluğu ilə keçirilmiş "BiblioBHOS" mütaliə müsabiqəsinin qalibləri bəlli olub.  
 

Müsabiqə iki mərhələdə keçirilib. Birinci mərhələdə müsabiqə iştirakçıları onlara təqdim olunmuş 20 kitabdan 3 kitab seçmiş, daha sonra həmin kitablardan düşmüş suallara cavab verməyə çalışıblar. Birinci mərhələdə sualların 60%-ni doğru cavablandırmış iştirakçılar ikinci mərhələyə uğurla keçiblər vəhəmin 3  kitabdan düşmüş mövzulardan birini seçərək onlayn formada esse təqdim ediblər.

 

Münsiflər heyətinin qiymətləndirməsi əsasında BANM-in 3  tələbəsi  qalib elan olunub:

I yer – Kimya mühəndisliyi ixtisası, II kurs tələbəsi Taliyə Məmmədhəsənzadə “Məryəmin simasında qadın obrazı”essesinə görə (Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanı);

II yer – Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisası, II kurs tələbəsi Anar Abıyev “Uşaqlar yoxsa vəhşilər?” essesinə görə  (Uilyam Qoldinqin “Milçəklər tanrısı” romanı);

III yer  Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisası, I kurs tələbəsi Sevinc Həsənzadə “Kvazimodo – sədaqətin simvolu kimi” essesinə görə (Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanı).

 

Müsabiqə iştirakçılarının işlərini qiymətləndirən münsiflər heyətinin üzvləri Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva və AMEA İncəsənət institutunun "Teatr, kino, televiziya" şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılova olub.

 

Pandemiya ilə əlaqədar olaraq, mükafatlandırma mərasimi karantindən sonrakı dövrdə BANM-də təşkil olunacaq  qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunacaq.

 

Qeyd edək ki, BANM-in təşkilatçılığı ilə keçirilmiş "BiblioBHOS" mütaliə müsabiqəsinə qeydiyyat ötən ilin dekabr ayında başlanıb və yekun nəticələr  iyun ayında müəyyənləşib.Müsabiqədə ümumilikdə  Ali Məktəbin 22 tələbəsi iştirak edib, onlardan 10 nəfəri ikinci mərhələdə iştirak hüququ qazanıb.