AZ / EN / RU
Bakı Ali Neft Məktəbində "Distant təhsil və onlayn tədrisdə kibertəhlükəsizliyin əhəmiyyəti" mövzusunda vebinar keçirilib

 

           Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının Baş müəllimi Xəyyam Məsiyev "Distant təhsil və onlayn tədrisdə kibertəhlükəsizliyin əhəmiyyəti" mövzusunda vebinar keçib. Vebinarda  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, professor - müəllim heyəti, məktəbin kollektivi və tələbələri iştirak ediblər.

 

       Xəyyam Məsiyev bildirib ki, distant təhsil və onlayn tədris zamanı hər bir internet istifadəçisi hansı təhdidlərin mövcud olmasından xəbərdar olmalı və bunlara qarşı diqqətli yanaşmalıdır. O qeyd edib ki, müasir dövrdəki kiber-hücumlar, təhdidlər xarakter-mahiyyət etibarilə çoxpilləli və kifayət qədər geniş spektrlidir.

 

       “Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin də çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir. İnternetə daxil olanların sayının günü-gündən artması, milyonlarla kompüterlərin şəbəkəyə qoşulması, informasiya mübadiləsinin fasiləsiz olaraq yerinə yetirilməsi və s. bu kimi faktorlar xakerlərə imkan verir ki, qlobal miqyasda öz əməllərini həyata keçirsinlər, onları maraqlandıran sualları araşdırmaqla informasiya mübadiləsində iştirak etsinlər”.

 

       X. Məsiyev ən geniş yayılmış təhdidlərdən də bəhs edib: “Fişinq hücumları (phishing), Güc tətbiqi hücumları (bruteforcing), Zərərverici yoluxdurma (Malware injection), Sosial Mühəndislik (Social Engineering) kimi təhdidlər geniş vüsət alıb. Bu baxımdan, e-poçta qəbul edilən mesajın mənbəyinin etibarlılığından əmin olun. E-poçta əlavə edilmiş çoxlu sayda bağlantı və mürəkkəb dizaynlı düymələrə basmayın, əlavə olunan fayllara və ya yönləndirmələrə qarşı ehtiyatlı davranın. İlk baxışdan əsl forma mesajdan fərqlənməyən mesajların həqiqi ünvana məxsus olduğuna əmin olmadan geri cavab verməyin, faylları endirməyin, bağlantı və yönləndirmələrə basmayın. Mükafat, müəyyən məbləğ və başqa vədlər verən e-poçtları qəti şəkildə açmayın. Kompüterinizin “firewall”nun aktiv olduğuna əmin olun. Avtomatik yeniləmə icra edə bilən antiviruslardan istifadə edin”, - deyə mütəxəssis tövsiyələrini də bildirib.

 

Qeyd edək ki, vebinarda təqdim olunan təqdimatda cert.gov.az, ict.az, e-qanun.az kimi rəsmi mənbələrin məlumatlarından istifadə olunub.