AZ / EN / RU
Rektor Elmar Qasımovun məzunlara təbriki

              Əziz məzunlarımız, Bakı Ali Neft Məktəbinin dəyərli professor-müəllim heyəti və əməkdaşları, hörmətli valideynlər!

 

İlk növbədə sizi Bakı Ali Neft Məktəbini uğurla bitirməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Məzun olaraq həyatınızın növbəti mərhələsinə qədəm qoyursunuz. Biz bu günə 5 il ərzində gəlmişik. Həm müəllimlərimiz, həm siz gecə-gündüz çalışaraq bu nəticəni əldə etmisiniz.

 

2020-ci il Məzun Günü çox çətin bir dövrə təsadüf etdi.  Hazırda Ali Baş komandanımızın rəhbərliyi ilə  qəhrəman  Azərbaycan əsgərləri, şanlı Azərbaycan ordusu Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparırlar. Zabit və əsgərlərimiz Vətən uğrunda şəhid olurlar.

 

Eyni zamanda bütün dünyada qlobal COVİD 19 pandemiyasının qarşısının alınması üçün ciddi karantin həyata keçirilir.

 

Buna görə də təhsil tarixində ilk dəfə olaraq dünya universitetlərində, o cümlədən Azərbaycan ali təhsil müəssisələrində Məzun Günləri keçirilmir. Milyonlarla tələbə və məzun bu günü qeyd edə bilmir. Elə bu səbəbdən biz də sizi virtual olaraq təbrik etmək qərarına gəldik. Çünki sizin və yaxınlarınızın sağlamlığı daha önəmlidir.

 

Hörmətli müəllimlərimiz,

 

Siz bu 5 il ərzində çox əziyyət çəkmisiniz. Üzərinizə düşən müqəddəs vəzifəni – öyrətmək işini ləyaqətlə yerinə yetirmisiniz. Buna görə hamınıza minnətdarlığımı bildirirəm.

Haqqınızı halal edin.

 

Əziz valideynlər,

 

Bu gün sizin sevincli günlərinizdəndir. Əminəm ki, bu illər ərzində siz öz övladlarınızla birgə imtahan həyəcanı yaşamısınız, narahatlıqlar keçirmisiniz, uğurlarına onlardan çox sevinmisiniz, həmçinin uğursuzluqlarına kədərlənmisiniz.

Belə gözəl - bilikli, bacarıqlı, əxlaqlı, vətənpərvər övladlar yetişdirdiyiniz üçün mən sizə təşəkkür edirəm. Siz çox xoşbəxt valideynlərsiniz. İnsanın zənginliyi tək madiyyatı ilə ölçülmür. İnsanın zənginliyi layiqli övladları ilə ölçülür. Bu baxımdan siz çox zəngin insanlarsınız.

Məzunlarımızdan bir qismi Vətən qarşısında borclarını vermək üçün Azərbaycan ordusuna xidmətə yollanır. Allah sizi qorusun! Sağ-salamat xidmət edin!

Bəziləri təhsillərini davam etdirmək üçün xarici ölkə universitetlərinə gedirlər. İnanıram ki, millətimizi, dövlətimizi ən yüksək səviyyədə təmsil edəcəksiniz. Sizə yaxşı yol!

Məzunlarımızın bir çoxu isə mühəndis olaraq SOCAR-da, digər yerli və transmilli şirkətlərdə, eləcə də xarici kompaniyalarda çalışacaqlar. Sorağınız, səsiniz ən yüksək yerlərdən gəlsin.

Siz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” - çağırışının bariz yetirmələrisiniz.

Əminəm ki, Vətənimiz Azərbaycanın, ailənizin, sevimli Ali Məktəbimizin şərəfli adını həmişə uca tutacaqsınız.

İnanıram ki, harada fəaliyyət göstərməyinizə baxmayaraq, sizinlə fəxr edəcəyik.

 

Yolunuz açıq və uğurlu olsun!

“Biz birik” şüarı ilə daim irəli!

Allah sizi qorusun! Allah amanında...