AZ / EN / RU
BANM-in I kursunu bitirən tələbələrin 96%-i II kursa keçdi

Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının I kursunu (“Foundation”) bitirən tələbələr növbəti tədris ilində ixtisas fənləri üzrə təhsillərini davam etdirmək məqsədilə “British Council” tərəfindən keçirilən IELTS imtahanında iştirak ediblər.

 

Ümumilikdə, BANM-in I kursunu bitirən tələbələrin 96%-i IELTS və yekun imtahanını uğurla verərək Ali Məktəbin ingilis dili fənni üzrə əsas meyar kimi götürülən keçid balını toplayıblar.

 

Bu münasibətlə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov I kurs tələbələri , onların müəllimləri və valideynləri ilə onlayn görüş keçirib. Tələbələri və onların valideynlərini uğurlu nəticə münasibətlə təbrik edən rektor bildirib ki, 2019-2020-ci tədris ilində 187 nəfər intensiv ingilis dili və informasiya texnologiyaları dərslərində iştirak edib.  Onlardan 184 nəfər istər “British Council” tərəfindən keçirilən IELTS imtahanında, istərsə də BANM-in təşkil etdiyi daxili imtahanlarda iştirak edib. IELTS imtahanı verən tələbələrdən 6 nəfər 8.0 bal, 22 nəfər 7.5 bal, 36 nəfər 7.0 bal, 55 nəfər 6.5, 43 nəfər 6.0 bal toplayıbar. Tələbələrdən Aysu Zamanova, Fərman Əhmədov, Əsmər Hacızadə, Cavidan Zeynalov, İsgəndər İsgəndərov və Rüstəm Həbibullayev 8.0 bal toplayıb.

 

Rektor qeyd edib ki, yüksək bal toplayan Əsmər Hacızadə, İsgəndər İsgəndərov və Rüstəm Həbibullayev həm də Prezident təqaüdçüləridirlər.

 

Bundan başqa, E.Qasımov İngilis dili və Humanitar fənlər Mərkəzinin təşkil etdiyi Final imtahanında iştirak edən 28 tələbədən 1 nəfərin 7.5 bal, 5 nəfərin 7 bal, 8 nəfərin 6.5, 4 nəfərin isə 6 bal topladığını diqqətə çatdırıb.

 

Ümumilikdə,  cəmi 7 tələbənin imtahanlardan kəsildiyini vurğulayan rektor  Ali Məktəbin İngilis dili və Humanitar fənlər Mərkəzinin rəhbərliyinə və müəllimlərinə uğurlu nəticə, eləcə də göstərdikləri səylər üçün təşəkkür edib.

 

 İngilis dili və Humanitar fənlər Mərkəzinin rəhbəri Asif Qocayev “Hazırlıq” (“Foundation”) mərhələsi üzrə tədris, imtahan prosesi, dərsə davamiyyət və digər məsələlər barədə məlumat verib.

 

Çıxış edən tələbə və valideynlər keyfiyyətli təhsil, yaradılan münbit şərait, diqqət və qayğı üçün Ali Məktəbin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.

 

 Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tələbələri ilk bir il ərzində intensiv şəkildə ingilis dili fənni üzrə tədris alırlar. Tədris ilinin sonunda IELTS və ya daxili final imtahanından uğurla keçən tələbələr növbəti tədris ilində təhsillərini ixtisas fənləri üzrə davam etdirirlər.