AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin 7 məzunu Heydər Əliyev adına Neft Emalı zavodunda işə qəbul oldu

Bakı Ali Neft Məktəbinin (BANM) 7 məzunu SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda  peşə fəaliyyətinə başlayacaqlar.

 

Kimya mühəndisliyi ixtisasının məzunları Zülfüqar Tağıyev , Aytac Məmmədli, Rauf Şirəliyev, Səidə Sadiyeva, Proseslərin avtomatlaşdırılması ixtisasının məzunları Elvin Həsənli, İlham Marufov və Ziyəddin Quliyev işə qəbul zamanı imtahan və müsahibə mərhələsini uğurla keçiblər. İşə qəbul olmaları münasibəti ilə məzunlarla görüşən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları  təbrik edərək, karyeralarında ilk addımı atan gənc mühəndislərə hər zaman biliklərini artırmağı, öz üzərlərində işləməyi, yeni texnologiyaları fəaliyyətlərində tətbiq etməyi tövsiyə edib.

 

Rektor bildirib ki, BANM-in əksər məzunları universiteti bitirərkən dərhal işlə təmin olunurlar. E. Qasımov qeyd edib ki, məzunların bu uğuru onların intellektual potensialları və bacarıqları ilə yanaşı, həm də Ali Məktəbdə onlara öyrədilən fundamental, yüksək keyfiyyətli tədrisin bəhrəsidir. Rektor onların qısa zamanda yüksəkixtisaslı kadr kimi çalışdıqları müəssisənin inkişafına töhfə verəcəklərinə inandığını bildirib.

 

Məzunlar da öz növbəsində çalışdıqları müddətdə işlərinə məsuliyyətlə yanaşacaqlarına, bilik və təcrübələrini müəssisənin fəaliyyətində tətbiq edəcəklərini qeyd ediblər. Onlar mühəndislik sahəsində yeni addımlarını atan gənclərə yaradılan şərait və dəstək üçün Heydər Əliyev adına Neft Emalı zavodunun rəhbərliyinə də təşəkkürlərini bildiriblər.