AZ / EN / RU
Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Ramiz Rövşənin anadan olmasının 74 illiyi münasibətilə poeziya gecəsi keçirilib. 

 

Onlayn platforma üzərindən təşkil olunan  poeziya gecəsində görkəmli şairlə bərabər, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in professor-müəllim heyəti, tələbə, məzunları və onların valideynləri, ümumilikdə 800 nəfərədək Ramiz Rövşən poeziyasını sevərlər iştirak edib. 

 

Tədbirin gedişatında dekabrın 15-də 74 yaşı tamam olan şairi öz evində Ali Məktəbin rəhbərliyi və kollektivi adından BANM-in tələbəsi gül çələngi ilə təbrik edib. 

 

Sonra Ramiz Rövşənin həyatına dair video çarx nümayiş olunub. 

 

Daha sonra çıxış edən Rektor Elmar Qasımov çoxminli oxucu sevgisi qazanan Ramiz Rövşənin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə” Xalq şairi fəxri adına da layiq görüldüyünü bildirib. 

 

Ali Məktəbin tələbələri şairi öz şeirləri ilə salamlayıb. 

 

İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Xəyal Fərzəliyev “İlan balası”, “Azad qadın heykəlinə”, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Nigar Məmmədova “Ay işığı”, Nilufər Əsgərzadə “Bir səhər yuxudan durub”, Fidan Aslanova  “Dünya”, Pəri Həbibova  “Qara paltarlı qadın”, Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Nigar Bayramova “Bir qəfil  zəng”, Kimya mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Fatimə Məmmədova “Gedək biz olmayan yerə”, Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Məhəmməd Mikayılov “Çarmıxa çəkilmiş İsa”,  Kimya mühəndisliyi ixtisasının 1-cü kurs tələbəsi Türkan Zeynalzadə isə  “Ayrılıq“ şeirlərini ifa ediblər. 

 

Gənc mühəndislərin yüksək qiraətçilik və poeziya duyumundan təsirlənən şair tələbələri Azərbaycanın gələcək intibahı adlandırıb. 

 

“Şeirlər ustalıqla və ürəkdən ifa edildi. Onların yüksək qiraətçilik bacarığı, dili dərindən duymaqları məni həm heyrətləndirdi, həm də olduqca sevindirdi. BANM yalnız yüksəkixtisaslı mühəndislər yetişdirmir, həm də şairlər məktəbi imiş”- deyə əlavə edib. 

 

Gənc mühəndislər arasında çoxsaylı oxucusu olduğundan məmnunluğunu ifadə edən Xalq şairi tezliklə “Bu dünyanın hər sifəti” adlı yeni şeirlər kitabının çapdan çıxacağının da müjdəsini verib. 

 

Tələbələrin çoxsaylı suallarını cavablandıran Ramiz Rövşən şeirlərini səsləndirən tələbələr arasından ən çox ifasını bəyəndiyi Nigar Bayramovaya imzalı kitabını hədiyyə edib.