AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı

Bakı Ali Neft Məktəbinin (BANM) Böyük  zəfərə həsr olunmuş “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub.  

 

 “ZOOM” platforması üzərindən təşkil olunan müsabiqədə yarışmaçı qismində Bakı Ali Neft Məktəbinin tələbə və məzunları iştirak edib.

 

22 iştirakçı vətənpərvərlik və məhəbbət mövzusunda şeirlər ifa ediblər.

Qaliblər peşəkarladan ibarət Münsiflər Heyəti tərəfindən müəyyən olunub.

 

Xalq şairi Ramiz Rövşənin sədrliyi ilə təşkil olunmuş Münsiflər Heyətində Xalq artisti, əvəzolunmaz aktyorumuz Rasim Balayev, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli və BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Kəmalə Mehdiyeva təmsil olunub.

 

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, qiraət müsabiqəsinin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, Böyük Zəfərə xitabən qalibiyyət duyğusunun poeziya dili ilə çatdırılmasıdır.

 

İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Fərzəliyev Xəyal Məmməd Arazın “Məndən ötdü qardaşıma dəydi” şeiri ilə Münsiflər Heyətindən ən yüksək – 48 bal toplayaraq  I yerin qalibi olub.  Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Rüstəmova Səbinə Cəfər Cabbarlının “Ana”  şeiri ilə 47 balla II yerin yerin sahibi olub.

 

46 bal toplayan 4 nəfər isə III yerdə qərarlaşıb. Belə ki,  Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Rəhimli Günel Cabir Novruzun “Sevin Azərbaycanı” şeiri ilə, Kimya mühəndisliyi  ixtisasının III kurs tələbəsi Cəbrayılova Fidan Ulucay Akifin Kompozisiyası ilə, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Əsgərzadə Nilufər Ramiz Rövşənin "Vətənə tərif” şeiri ilə, Kimya mühəndisliyi ixtisasının məzunu İsfəndiyarzadə Nazpəri Aqşin Evrənin “Çörək qırağı qadın” şeiri ilə III yerə çıxıblar.   

 

Kimya mühəndisliyi ixisasının I kurs tələbəsi Məmmədova Gülnur, Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Həşimova Afaq, Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi  Bayramova Nigar, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Həsənzadə Sevinc isə həvəsləndirici mükafata layiq görülüblər.

 

1-ci yerin qalibi 300 manat, 2-ci yer 200 manat, 3-cü yer 100 manat, 4-10-cu yerlərin sahibləri isə həvəsləndirici pul mükafatları ilə mükafatlandırılıblar.

 

 Eyni zamanda, bütün iştirakçılar diplomlarla və iştirakçı sertifikatlarıyla da təltif olunublar.

 

 “Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibi Fərzəliyev Xəyala diplom və mükafatını Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.