AZ / EN / RU
Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir

Bakı Ali Neft Məktəbinə (BANM) cari tədris ilində qəbul olmuş I kurs tələbələri üçün Orientasiya proqramının keçirilməsinə başlanılıb. Bu münasibətlə, İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri üçün keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin müxtəlif şöbələrinin məsul əməkdaşları və yeni qəbul olmuş tələbələr, eləcə də onların valideynləri iştirak ediblər.

 

Təlimin açılışında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu il Ali Məktəbə daxil olmuş Hazırlıq ilinin (“Foundation”) tələbələrinə Ali Məktəbin uğurları, göstəriciləri və məzunları, eyni zamanda təlim-tədris prosesi haqqında ətraflı məlumat verib.

 

SOCAR və BANM-in tarixi, inkişaf yolu, infrastrukturu haqqında geniş təqdimatdan sonra BANM haqqında videoçarx nümayiş olunub.

 

     Görüş zamanı “Foundation” ilinin tədris proqramı üzrə İngilis dili, informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühəndislikdə tətbiqi və tədris prosesinin təşkili, tələbələrin riayət etməli olduqları daxili intizam qaydaları, imtahan qaydaları, ERASMUS+ proqramı və s. barədə də təqdimatlar keçirilib.

 

            Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasının məzunu, hazırda “Halliburton” şirkətində quyunun tamamlanması üzrə mühəndis kimi çalışan Ülkər Almuradova, Neft-qaz mühəndisliyi ixtisasının məzunu,  “Shlumberger” şirkətinin sahə mühəndisi  Münəvvər Salmanova tələbəlik illərindəki xatirələrini və uğur hekayələrini bölüşüblər. 

 

BANM-in Tələbə Gənclər Təşkilatının sədri Lalə İsmayılzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri  Nəriman Tağızadə, Neft Mühəndisləri Cəmiyyətinin BANM üzrə bölmə rəhbəri Rəşad Əhmədov, Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) rəhbəri Ramil Əmirli  təmsil etdikləri  tələbə təşkilatları və klublar haqqında təqdimatla çıxış ediblər.     

     

Tədbirdə Elmar Qasımov tələbə biletlərini də təqdim edib.

 

Bundan başqa, görüşün sonunda hər tələbəyə “Tələbələr üçün əl kitabı” paylanılıb.

 

Tələbələr və valideynlər üçün BANM-in Bibiheybətdə yerləşən əsas tədris korpusuna tanışlıq turu təşkil edilib. Tur çərçivəsində tədris auditoriyaları, laboratoriyalar, Kitab evi,  Neft Muzeyi, İdman kompleksi və Tələbə evi ilə tanışlıq olub.