AZ / EN / RU
Bakı Ali Neft Məktəbində qlobal eko-energetik problemlər müzakirə olunub

 

Bakı Ali Neft Məktəbinin Sinerji klubunun təşkilatçılığı ilə “Qlobal eko-energetik problemlər” mövzusunda vebinar keçirilib.

 

Vebinarda Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev və müəllimi Aida Aslanova məruzəçi qismində çıxış ediblər.

 

Qeyd olunub ki, hazırda, bəşəriyyətin ən böyük, fövqəladə problemi qlobal eko-energetik problemlərdir. XVIII əsrin sonlarından başlayaraq istilik (buxar) maşınlarının icad edilməsi və tətbiq edilməsi ilə başlanan Sənaye inqilabı bu problmemin başlanğıcı olub.

 

Prof. Fuad Vəliyev bildirib ki, hazırda, avtomobillərdə, təyyarələrdə, gəmilərdə, sənaye obyektlərində, elektrik stansiyalarında, məişətdə milyardlarla istilik maşınları çalışmaqdadır və milyardlarla ton çirkli, zəhərli, toksik emissiyalar, davamlı olaraq, hər saat, hər gün ətraf mühiti zəhərləyir – çaylara, dənizlərə axıdılır, atmosferə buraxılır, torpağa atılır ki, Yer biosferindəki çox kövrək enerji-maddə balansı pozulur və son olaraq, planetimizdə həyatın varlığına yaranan təhlükə gün-gündən artır.

 

   “Qlobal istiləşmənin çox aşkar təzahürlərindən biri Antarktik və Arktik buzlaqların sürətlə əriməsidir. Atmosferdə CO2-nin artması okean sularının turşululuğunun artmasına səbəb olur  ki, bu da, nəticə etibarilə, bütövlükdə Okeanın fauna və florasında bərpaolunmaz dəyişikliklərə səbəb olur. Milyon illər boyunca planetin ağ ciyərləri sayılan rütubətli tropik meşələr dayanıqlı tarazılıq halında mövcud idi. İndi onları dəqiqədə 20 hektar sürətlə məhv edirlər. Belə getsə bir neçə onilliklər ərzində onlar Yer üzündən silinəcəklər və bu da iqlim dəyişikliyi prosesini daha da gücləndirəcək”- deyə F.Vəliyev vurğulayıb.

 

    Tanınmış alim bildirib ki, idarəolunan nüvə sintezinin əldə olunması, sərbəst hidrogenin alınması və onun yanacaq kimi istifadə edilməsinin effektiv üsulunun tapılması bəşəriyyəti Eko-Enerji problemindən birdəfəlik xilas edə bilər.

 

    “Mövcud problemi qismən də olsa həll etmək üçün bizim indi yalnız iki imkanımız qalır: Bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi, bütün fəaliyyət sahələrində, məişətdə və sənayedə, enerji qoruyucu texnologiyalardan geniş istifadə etməklə, enerjiyə maksimum qənaət rejiminin təmin olunması. Dünya əhalisinin yalnız 20%-i sənaye cəhətdən inkişaf etmiş ölkələrdə yaşayır, lakin planet üzrə ümumi sənaye tullantılarının 75%-i bu ölkələrə məxsusdur. Bəşəriyyətin illik resurs tələbatını ödəmək və tullantıları yerləşdirmək üçün Yer kürəsinin imkanları artıq yetərli deyil. “Global Footprint Network” təşkilatının dəyərləndirməsinə əsasən, bu tələbatı ödəmək üçün, planetimiz 1.7 dəfə böyük olmalıdır” – deyə professor fikrini əsaslandırıb.

 

   Vebinarda 1997-ci ildə Kioto Protokolunun imzalandığı və emissiyaların azaldılması üzrə ölkələr tərəfindən müəyyən öhdəliklər götürdüldüyü qeyd edilib. Eyni zamanda, 2015-ci ildə Parisdə, 195 ölkənin rəhbərlərinin iştirak etdiyi konfransda iqlim dəyişikliklərinə qarşı tədbirlərin görülməsi, karbon dioksid emissiyasının ciddi şəkildə azaldılması üçün zəruri investisiyaların ayrılması, hər bir ölkənin maliyyə və fəaliyyət öhdəlikləri üzrə tarixi bir razılaşmanın əldə olunduğu da vurğulanıb.

 

       Bakı Ali Neft Məktbinin Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Jalə İbrahimova bildirib ki, bu mübarizədə aparıcı rol gəncliyə məxsus olmalıdır, çünki mövcud problem ilk növbədə onların, yeni nəslin gələcəyi üçün təhlükədir.

 

    O qeyd edib ki, Bakı Ali Neft Məktəbində gənclərinin bu istiqamətdə fəaliyyətini yönəltmək, beynəlxalq birliyini təmin etmək üçün Gənclərin Ekoloji Sinerji Mərkəzi (Youth Ecological Synergy Center - YES Center) yaradılıb. 

 

    “YES Center-in məqsədi Azərbaycanda əhalinin müxtəlif təbəqələrinin, xüsusilə, gənclərin ekoloji maarifləndirilməsi, ayrı-ayrı sosial qrupların, müəssisələrin ekoloji izinin, təbiətə antropogen təsirlərin dəyərləndirilməsi və azaldılması üzrə elmi-praktiki işlərin aparılmasından ibarətdir. Daha geniş məqsəd (Vision) isə yerli və xarici  universitetlərdə, məktəblərdə də uyğun YES Center-lərin yaradılması barədə təşəbbüs ilə çıxış  etmək, Həmrəylik və Sinerji prinsipləri əsasında gənclərin Beynəlxalq Ekoloji Birlik Şəbəkəsinin yaranmasına, Beynəlxalq YES hərəkatının başlanmasına nail olmaqdır. Ümidvaram ki, BANM-də yaranmış bu təşəbbüs başqa universitetlər tərəfindən də dəstəklənəcək və gənclərin ekoloji birlik şəbəkəsi sinergetik ictimai qüvvə olaraq mövcud qlobal problemin həllində mühüm rol oynayacaq”.

 

Qeyd edək ki, “Global Footprint Network” təşkilatının məlumatına görə cəmi son iki insan nəsli dövründə vəhşi təbiətin demək olar ki, yarısı məhv edilib. Hər il atmosferə 40 milyard ton karbon qazı buraxılır. Beynəlxalq Meteorologiya  Təşkilatının dəyərləndirməsinə görə isə, hazırda Yer atmosferində CO2-nin konsentrasiyası 410 ppm olmaqla son 800 min il ərzində rekord səviyyəyə çatıb. Bununla da, Yer kürəsinin orta temperaturu nəzərə çarpacaq dərəcədə artmaqdadır.