AZ / EN / RU
Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir. ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, bir çox dövlət rəsmilərinin, eləcə də Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Ümummilli lider Heydər Əliyevin Bakı Ali Neft Məktəbində yerləşən büstünü ziyarətlə başlamışdır.

 

Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov kollektiv adından tədbirdə iştirak edən qonaqlara dəvətlərini qəbul etdikləri üçün öz minnətdarlığını bildirmişdir. Daha sonra E.Qasımov 2014-2015-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış abituriyentləri və bu ali təhsil müəssisəsində təhsil alan, semestr imtahanlarından uğurlu nəticələr əldə edən tələbələri yeni tədris ili münasibəti ilə təbrik etmişdir. BANM-in qısa zaman çərçivəsində əldə etdiyi uğurları gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, cəmi 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, əldə etdiyi yüksək nəticələrə əsasən Bakı Ali Neft Məktəbi ali təhsil ocaqları arasında lider olmuşdur. BANM-in tələbə qəbuluna başladığı ildən bu günə qədər qəbul elan etdiyi ixtisaslar üzrə nəticələr haqqında məlumat verən E.Qasımov vurğulamışdır ki, 2012/2013-cü tədris ilində bu ali təhsil ocağına qəbul üzrə orta keçid balı 631, 2013/2014-cü tədris ilində 656, 2014/2015-ci tədris ilində isə bu göstərici 668 bal olmuşdur və məhz builki nəticə Azərbaycanda tələbə qəbulu üzrə ən yüksək göstərici olan nəticə olmuşdur. O, qeyd etmişdir ki, bu yüksələn göstərici Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərancamı ilə hər il yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrə verilən prezident təqaüdlərində də özünü göstərir. O bildirmişdir ki, 2012/2013-cü tədris ilində BANM-ə qəbul olunan abituriyetlərin 11-i , 2013/2014-cü tədris ilində 15-i, 2014/2015-ci tədris ilində isə 17-si prezident təqaüdünə layiq görülmüşdür.

 

Daha sonra Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini qeyd edən E.Qasımov bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsinin olduqca önəmli məsələ olduğunu vurğulamışdır. O, Respublika Prezidenti cənab İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarının Bakı Ali Neft Məktəbinin timsalında nümunə olduğunu bildirmişdir.

 

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri "Bilik Günü" münasibəti ilə təbrik etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 29 noyabr 2011-ci il tarixli Fərmanının əhəmiyyətindən və vacibliyindən bəhs edən R.Abdullayev qısa müddət ərzində ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq yüksək nəticələr əldə edildiyini bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanda aparılan yüksək quruculuq işləri günü-gündən inkişaf edən ölkəmizi regionun lider dövlətinə çevirmişdir. R.Abdullayev Bakı Ali Neft Məktəbinin yaradılmasında da başlıca məqsədin məhz Avropanın enerji təhlükəsizliyində və regionun inkşafında böyük rol oynayan Azərbaycan dövlətinin və xalqının rifahını daha da gücləndirmək üçün müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı kadrları yetişdirmək olduğunu vurğulamışdır.

 

Bakı Ali Neft Məktəbinin tələbələrini test imtahanlarında əldə etdikləri yüksək nəticələrə və bu ali məktəbin tələbələri adını qazandıqlarına görə təbrik edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki, onların daxil olduqları ali məktəb yeni yaranmasına baxmayaraq, ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olmuşdur. O vurğulamışdır ki, bu il də BANM çox böyük nəticələr əldə etmişdir. O bildirmişdir ki, 2014/2015-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 673, "Neft-qaz mühəndisliyi" ixtisası üzrə 660, "Kimya mühəndisliyi" ixtisası üzrə 648 bal olmuşdur. İxtisaslar üzrə orta ballar uyğun olaraq 684, 671 və 657, ümumiyyətlə ali məktəb üzrə 668 bal olmuşdur. Bunun yüksək nailiyyət olduğunu bildirən Məleykə Abbaszadə eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd etmişdir. Sonra tələbələrə dərslərində uğurlar arzu edərək bildirmişdir ki, dövlətimiz tərəfindən onlar üçün yaradılan əlverişli şərait ali biliklərə yiyələnərək dinamik inkişaf edən ölkəmizin quruculuq işlərinə öz töhfələrini verməyə imkan yaradacaqdır.

 

Tədbirdə iştirak edən Böyük Britaniyanını Heriot-Vatt Universitetinin "Neft Mühəndisliyi" İnstitutunun professoru Con Ford BANM ilə mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasından məmnunluq hissləri keçirdiyini ifadə etmiş, yaradılmış infrastruktur imkanlarını, kadr potensialını və tələbə kontingentini yüksək qiymətləndirdiyini bildirmişdir. O qeyd etmişdir ki, BANM-də yaradılan şərait və imkanlar, mövcud kadr potensialı heç də xarici universitetlərdən aşağı deyil. O, Bakı Ali Neft Məktəbinin tələbələrinin semestr imtahanlarından topladıqları nəticələrlə Heriot–Vatt Universitetinin eyni ixtisas üzrə təhsil alan tələbələrinin imtahan nəticələrini müqayisə edərək bildirmişdir ki, eyni tədris proqramları, eyni dərs vəsaitləri üzərində təhsil aldıqlarına baxmayaraq, imtahanların nəticələri göstərmişdir ki, Bakı Ali Neft Məktəbinin tələbələri Heriot-Vatt Universitetinin tələbələrindən yüksək nəticələr əldə etmişdirlər. Bu nəticə isə Bakı Ali Neft Məktəbində tədrisə, onun keyfiyyətinə və nizam intizama verilən ən yüksək diqqətinin nəticəsidir.

 

Tədbirdə çıxış edən BANM-nin "Kimya mühəndisliyi" ixtisasına 690 bal toplayaraq qəbul olunmuş, prezident təqaüdçüsü İbrahim Şərifov və 687 bal toplayaraq BANM-in "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olunmuş və prezident təqaüdünə layiq görülmüş Ayaz Şərifov qardaşlarının atası Araz Şərifov, 76 saylı orta məktəbin fizika-riyaziyyat müəllimi Esmira Bəkirova, BANM-in 3-cü kurs tələbəsi Kamran Əliyev, 2-ci kurs tələbəsi Emilya Məmmədova və 700 bal toplayaraq BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olunmuş Eltun İbrahimov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürlərini bildirmişdirlər. Çıxış edən tələbələr Bakı Ali Neft Məktəbinin tələbəsi olduqlarından məmnunluq hissi keçirdiklərini ifadə etmiş və onların yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirmişdirlər.

 

Tədbirin sonunda BANM-in rektoru qonaqlarla birlikdə ali məktəbin ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələrini təqdim etmiş, həmçinin 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə biletləri təqdim olunmuşdur.