AZ / EN / RU
Bakı Ali Neft Məktəbi Almaniya ilə əməkdaşlığını genişləndirir

     Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempeli qəbul etdi. Səfiri salamlayan rektor Elmar Qasımov onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirdi. Rektor qonağa Ali Məktəb haqqında məlumat verərək BANM-in 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını vurğuladı. O, bildirdi ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. Azərbaycanda neft-qaz sənayesinin iqtisadiyyatın əsasında durduğunu deyən rektor bu baxımdan bu ixtisasa Azərbaycanda hər zaman ehtiyac olduğunu bildirdi. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırdı. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğuladı. O, sözügedən universitetin kurrikulumları əsasında dərslərin tədris olunduğunu vurğulayaraq imtahanların Heriot-Vatt Universitetinin professorları tərəfindən keçirildiyini və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirdi. O, hər il ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-i seçdiyini dedi, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının ildən-ilə artdığına diqqət çəkdi. Bu tədris ilində I qrup üzrə Prezident təqaüdünü qazanan 25 tələbədən 17-nin BANM-də təhsil aldığını deyən rektor E.Qasımov 700 bal toplayan tələbələrdən 3 nəfərinin Ali Məktəbə qəbul olduğunu bildirdi. E.Qasımov ümumi orta bal göstəricilərinə görə BANM-in öndə olduğunu nəzərə çatdırdı. Ali Məktəbin kampusu haqqında söz açan rektor yaxın aylarda tamamlama işlərinin başa çatacağını diqqətə çatdıraraq Azərbaycanda bütün komponentləri özündə əks etdirən yeganə kampus olacağını dedi. Kampusun layihəsi ilə səfiri tanış edən Elmar Qasımov orada tələbələr üçün yaradılan şəraitdən söz açaraq dünya səviyyəli Ali Məktəbin quruculuğunun həyata keçirildiyini nəzərə çatdırdı. E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də səfirin diqqətinə çatdırdı. O, Ali Məktəbdə tədrislə yanaşı, tədqiqata xüsusi önəm verildiyini bildirdi. BANM-in bir sıra şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Almaniyanın E.ON şirkəti ilə əlaqələrin qurulmasından söz açdı. Almaniyanın Axen Universitetinin prezidenti ilə bərpaolunan enerji mərkəzinin yaradılması ilə bağlı əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirdi. O, Axen Universiteti ilə əlaqələrin yaradılmasında SOCAR-ın tərəfdaşı olan E.ON şirkətinin dəstəyini vurğuladı. Elmar Qasımov Almaniya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu dedi.

 

   Səfir Haydrun Tempel səmimi qəbula görə öz təşəkkürünü bildirdi. O, E.ON şirkəti ilə SOCAR arasında olan əməkdaşlıqdan söz açdı. Bərpaolunan enerji ilə bağlı birgə layihələrin, o cümlədən konfransın həyata keçirilməsi təklifini irəli sürən səfir konfransın təşkilində əməkdaşlığa ümidini ifadə etdi. O, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini vurğuladı. Səfir Almaniya universitetlərində yüksək keyfiyyətli texniki proqramların olduğunu dedi. O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gələcəkdə mühüm yer tutacağını vurğuladı. BANM-də dinamizmin şahidi olduğunu deyən səfir DAAD (Alman Mübadilə Proqramı) xətti ilə almaniyalı mütəxəsislərin, expertlərin əməkdaşlığa sövq edilməsi və mövcud əlaqələrin davam etdirilməsinin faydalı olacağına əminliyini ifadə etdi. O, BANM-in əməkdaşlarını öz ölkəsində keçirilən beynəlxalq seminar və konfranslara dəvət etdi.

 

 Sonda Elmar Qasımov səfiri BANM tələbələri üçün mühazirə oxumağa dəvət etdi. Xanım səfir bu təklifi məmnunluqla qəbul etdiyini bildirdi.