AZ / EN / RU
BANM-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi anıldı

     Bakı Ali Neft Məktəbində SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi dərin ehtiramla anıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 6-da ölkə ərazisində matəm elan edilməsi ilə bağlı sərəncamına müvafiq olaraq, Ali Məktəbin inzibati binası önündəki bayraqlar yarıya qədər endirilib. 

 

     Bununla yanaşı, qəzada həlak olan neftçilərin xatirəsi bütün tədris auditoriyalarında bir dəqiqəlik sükutla yad edildi.

 

      Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu gün tədris auditoriyalarını gəzərək, tələbələrlə geniş söhbətlər apardı. O, Bakı Ali Neft Məktəbi adından Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, o cümlədən inzibati işçi heyəti və tələbələrinin qəza nəticəsində həyatını itirən neftçilərin ailə üzvlərinin dərin kədərinə şərik olduğunu bildirdi. Elmar Qasımov neftçi peşəsinin çətin, məsuliyyətli və şərəfli olduğunu bildirərək, bu adı yüksəklərə qaldıran cəsur və  fədakar insanların hər birinin xatirəsinin daim qəlblərdə yaşayacağını dedi. Elmar Qasımov bu peşənin gələcək davamçılarına mətin olmağı,  öz seçdikləri sənəti sevməyi və neftçi adını daim uca tutmağı tövsiyə etdi.