AZ / EN / RU
Aleksandr Bell: "BANM-in tələbələri imtahanlarda adətən əla nəticə göstərirlər"

Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və fizika elmləri fakültəsinin direktor müavini Aleksandr Bell: "BANM-in tələbələri imtahanlarda adətən əla nəticə göstərirlər"

 

- Cənab Bell, Bakı Ali Neft Məktəbində semestr imtahanları sizin tərəfinizdən nəzarət olunaraq qiymətləndirilir. İmtahan nəticələrini necə qiymətləndirirsiniz? Nəticələr qiymətləndirilərkən hansı meyarlar əsas götürülür?

- Xatırlatmaq istərdim ki, biz imtahanları Heriot Vatt Universitetinin Edinburq, Dubay və Kuala-Lumpurda yerləşən kampuslarında keçiririk və bu çox mürəkkəb bir prosesdir. Konkret fənnlə bağlı bütün imtahan prosesinə fənn üzrə məsul şəxs nəzarət edir. Misal üçün, mən “Mühəndisliyin əsasları A” fənni üzrə məsul şəxsəm. Yalnız təyin edilmiş şəxslər imtahan vərəqlərini yoxlaya bilər. İmtahan sualının hər bir hissəsini qiymətləndirmək üçün ümumi qiymətləndirmə sxemindən istifadə olunur. Hər bir təyin olunmuş məsul şəxs eyni qiymətləndirmə sxemindən istifadə etməlidir. Əlavə olaraq qeyd etmək istərdim ki, Heriot Vatt Universitetinin “yaşıl mürəkkəb” adlandırdığımız daha bir qiymətləndirmə sxemi vardır ki, bu sxem əsasında hər bir qiymətləndirmənin dəqiqliyi və qiymətlərin məlumat bazasına düzgün daxil edildiyi yoxlanılır. Unutmayın ki, bütün imtahanlar anonim şəkildə keçirilir, yəni, imtahan vərəqlərini yoxlayarkən biz hansı tələbənin cavablarının yoxlanıldığını bilmirik. BANM-in tələbələri imtahanlarda adətən əla nəticə göstərirlər.

 

- Nəticələri yoxlayarkən daha çox tələbələrin cavablarında nəzəriyyəyə, yoxsa məntiqi təfəkkürə fikir verirsiniz?

- Heriot Vatt Universitetinin imtahanlarında tələbələrin həm nəzəri, həm də məsələləri həll etmə bacarıqları yoxlanılır. İstər Edinburq və Malayziya, istərsə də Bakıda təhsil alan tələbələr üçün ən çətin məsələlər fizika problemlərinin həlli ilə bağlı məsələlərdir.

 

- Təhsiliniz və HVU-da işiniz barədə məlumat verə bilərsinizmi?

- Mən Şotlandiyanın St. Andreus Universitetində fizika üzrə dərəcəyə və akustika üzrə PhD dərəcəsinə malikəm. Həmçinin, Edinburq Universitetindən təhsil üzrə diploma layiq görülmüşəm. Bu dərəcələr mənə Şotlandiyanın məktəblərində, kolleclərində və universitetlərində riyaziyyat və fizika fənləri üzrə dərs aparmaq imkanı verir. Mən Britaniya Fizika İnstitutunun, o cümlədən Ali Təhsil Akademiyasının üzvüyəm. Malik olduğum bütün peşəkar dərəcələr müasir elmi və pedaqoji proseslərlə ayaqlaşmamı təmin edir.

 

- Tələbələrimizə nə tövsiyə edərdiniz?

- BANM tələbələrinə tövsiyə edərdim ki, məqsədləri haqqinda hər zaman düşünsünlər. Onlar neft - qaz və yaxud kimya mühəndisi olacaqlar. Tədris zamanı nə qədər çox öyrənə bilsələr, bir o dərəcədə peşəkar mühəndis olmağı da bacaracaqlar.

 

- BANM haqqında nə deyə bilərsiniz?

- Mənim üçün BANM-ə gəlmək hər zaman xoşdur. Burada rektor, inzibati işçilər, müəllimlər, kitabxanaçılar, tələbələrdən tutmuş, xadimə və sürücülərə qədər hər kəs bizə gözəl münasibət göstərir və kömək etməyə çalışır. Xüsusilə, BANM rektoru Elmar Qasımova qonaqpərvərliyinə görə təşəkkür etmək istərdim. Prorektor Rəşad Həsənova da bizə hər zaman göstərdiyi dəstək və diqqətə görə minnətdaram. İmtahan zamanı bizə yaradılan şərait üçün BANM-in bütün işçilərinə təşəkkürümü bildirmək istərdim.