AZ / EN / RU
"Sinerji" Elmi Diskussiyalar Klubunun "Elm və din" mövzusunda elmi diskussiyası keçirildi

   Bakı Ali Neft Məktəbində (BANM) “Sinerji” Elmi Diskussiyalar Klubunun “Elm və din” mövzusunda elmi diskussiyası keçirildi. Diskussiyada Bakı Ali Neft Məktəbinin rektoru, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun prezidenti Elmar Qasımov, klubun elmi koordinatoru, Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev, qonaqlar, Ali Məktəbin professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak etdilər.

 

Tədbirdə klubun elmi koordinatoru, Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev “Elm və din” mövzusunda təqdimatla çıxış etdi. O, bu mövzunun müasir dövrümüzdə böyük önəm kəsb etdiyini, cəmiyyətin düzgün formalaşmasında vacib mövzulardan biri olduğunu vurğuladı. Professor Fuad Vəliyev öz təqdimatında elmi və dini yanaşmalarla bağlı müxtəlif araşdırma və tədqiqatların aparılmasından söz açdı. O, bu mövzunun aktuallığının bütün dövrlərdə - istər qədim antik əsrlərdə, istərsə də, elmin meydana çıxmasından və yeni elmi kəşflərin yaranmasından sonra xüsusilə artdığını diqqətə çatdırdı. “Elm və din ictimai şüurun iki təzahür formasıdır” - deyə o, bildirdi. Fuad Vəliyev bilik və etiqad, İslam və elm, alim və din, fanatizm haqqında bəhs edərək bu anlayışların izahını və mənasını açıqladı, müsəlmanların müqəddəs kitabı “Quran”dan sitatlar gətirdi.

 

Diskussiya qonaqlar, professor müəllim-heyəti və tələbələr arasında müzakirələr, sual-cavab, mövzu ətrafında səsləndirilən fikirlərlə yekunlaşdı.

 

Qeyd edək ki, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun yaradılmasında əsas məqsəd tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri dəqiq və humanitar elmlər, mühəndislik üzrə yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaq, elmi-praktiki diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək, onlarda yaradıcılıq vərdişləri, diskussiya aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaqdır. Klubun fəaliyyəti dövründə müxtəlif aktual mövzularda aparıcı elm adamlarının, yerli və xarici mütəxəssislərin, idarə və müəssisə rəhbərlərinin məruzələri dinlənilməsi, disputlar, dəyirmi masalar, tələbələrin elmi-texniki-humanitar mövzularda çıxışlarının, onların tədqiqat işlərinin müzakirəsi, informasiya mübadiləsi nəzərdə tutulur. Klubun diskussiyalarında BANM-in işçi heyəti və tələbələri ilə yanaşı, maraqlanan hər bir şəxs iştirak edə bilər.