AZ / EN / RU
Bakı Ali Neft Məktəbi "Bilik sərgisi"ndə

   Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı İstedadlar Təhsil Kompleksində Bakı Ali Neft Məktəbi, Bakı İstedadlar Təhsil Kompleksi, Qafqaz Universiteti və STEM təhsil mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Bilik sərgisi”ndə iştirak ediblər. Bakı İstedadlar Təhsil Kompleksinin 7-10-cu sinif şagirdlərinin, Bakı Ali Neft Məktəbi, Qafqaz Universiteti, STEM təhsil mərkəzinin tələbələrinin iştirakı ilə keçirilən sərgidə sözügedən təhsil müəssisələrinin tələbə və şagirdləri dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər.

 

Sərginin açılış mərasimində iştirak edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Sigve Austheim açılış lentini kəsiblər. Rektor Elmar Qasımov sərginin əhəmiyyətindən söz açaraq tələbələrin və şagirdlərin öz biliklərini nümayiş etdirərək əldə etdikləri təcrübənin gələcəkdə onların mütəxəssis kimi formalaşmasına müsbət təsir göstərəcəyini vurğuladı. O, bildirdi ki, şagirdlərin təbiət elmlərinə marağının artmasında belə tədbirlərin təşkil olunmasının çox böyük rolu var. O, bütün iştirakçıları ilk bilik sərgisi münasibətilə təbrik etdi və uğurlar arzuladı.

 

Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Sigve Austheim, Edexcel Beynəlxalq təhsil mərkəzinin nümayəndələri də təşkil olunan ilk bilik sərgisi münasibətilə kollektivi təbrik etdilər və yeni nailiyyətlər arzuladılar.

 

Qeyd edək ki, 30-dan çox layihənin nümayiş olunduğu bu sərgidə “Ekologiya” kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.