AZ / EN / RU
BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış etdi

BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot (Robert Watt) Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Safety and Operational risks” (Təhlükəsizlik və əməliyyat riskləri) mövzusunda təqdimatla çıxış etdi.

 

Təqdimatdan öncə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrindən söz açaraq Ali Məktəbin BP şirkəti ilə əməkdaşlığından danışdı. O, bildirdi ki, Ali Məktəbin tələbələri BP-də mütəmadi olaraq təcrübə keçirlər və gələcəkdə öz karyeralarını digər beynəlxalq şirkətlərlə yanaşı, BP-də qura bilmə imkanları var. O, müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-də keçirdiyi belə təqdimatların tələbələr üçün faydalı olacağına əminliyini ifadə etdi. BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot öz təqdimatında neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə məlumat verdi. Bu qəzaların baş vermə səbəbləri və həmçinin, bu tip qəzaların baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri haqqında söz açdı. O, tələbələrə belə xətaların baş verməməsi üçün mühəndislərin üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğuladı.

 

Sonda Robert Vot tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.Qeyd edək ki, təqdimatda BANM-in 150-dən artıq tələbəsi iştirak edirdi.