AZ / EN / RU
Hacızadə Nəzrin: "Uğur qazanmaq zəhmət və təhsildən asılıdır"

Hacızadə Nəzrin Elşən qızı 1997-ci il avqust ayının 30-da Bakı şəhərində anadan olub. 2004-cü ildə Suraxanı rayonu Ramiq Abidov adına 85 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2006-cı ildən təhsilini Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbində davam etdirib. 2015/2016-cı tədris ilində TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub, Prezident təqaüdçüsüdür.

 

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı mənim üçün çox şəffaf və sakit şəraitdə keçdi. İmtahandan əvvəl iştirak etdiyim bütün sınaq imtahanlarında mənim üçün əsas problem vaxt idi və bu dəfə də eyni şeyin təkrarlanacağından qorxduğum üçün çox həyəcanlı idim. Cavab testimi yoxlayarkən “Fizika” fənnindən bir səhvim çıxdı. 700 bala hazırlaşsam da 690 bal topladım amma nəticəmdən razı idim.

 

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün və yaxın ətrafın inanırdımı?

- TQDK-nın təşkil etdiyi sınaq imtahanlarında əldə etdiyim ən yüksək nəticə 654 bal olub. Bu nəticə məni qane etmirdi və daha yüksək bal toplamaq üçün son 2 ay daha çox çalışdım. Ailəm və müəllimlərim mənə dəstək olur və onların inamını doğruldacağıma güvənirdilər.

 

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini etdikdə nələri əsas götürməlidir?

- Düşünürəm ki, hər bir kəs uğur qazanmaq üçün, əvvəla, qarşısına məqsəd qoymalıdır. Məşhur aforizmdə deyildiyi kimi, hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz. İmtahana hazırlaşarkən vaxt amili xüsusilə nəzərə alınmalıdır, çünki hər abituriyentə yalnız 3 saat vaxt verilir və o, bundan səmərəli şəkildə istifadə etməlidir. İxtisas seçimi edərkən bu işdə təcrübəsi olan insanlarla məsləhətləşmək də çox vacibdir və çalışmaq lazımdır ki, seçimimiz bu günün tələblərinə uyğun olsun.

 

- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Mühəndislik bu gün həm dünyada, həm də ölkəmizdə ən prioritet ixtisaslardan biridir və fikrimcə, Azərbaycanda heç bir universitet mühəndislik üzrə tədrisdə BANM ilə rəqabətə girə bilməz. Bu ixtisası seçməkdə əsas səbəb kimi müəllimlərimin və ailə üzvlərimin dəyərli məsləhətlərini və mənim gələcəkdə yüksək ixtisaslı kadr kimi uğur qazanmaq istəyimi xüsusilə qeyd etmək istərdim. Gələcəkdə təhsilimi magistr pilləsi üzrə xaricdə davam etdirmək və neft-qaz sənayesinin ən qabaqcıl mütəxəssislərindən biri olmaq istəyirəm.

 

- Adətən deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə düşünürsən və bu sahəyə marağın hardan yaranıb?

- Düzdür, mühəndislik sahəsində kişilər üstünlük təşkil edir, ancaq qadınların da bu sahədə kifayət qədər uğurları olub. Mənim fikrimcə, hər hansı bir işdə uğur qazanmaq kişi və ya qadın olmaqdan deyil, istedad, hadisələrə düzgün və orijinal baxış, zəhmət və təhsildən asılı olan məsələdir.

 

- BANM-də ali təhsil almaq üçün arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?

- BANM-da ali təhsil almaq istəyən abituryentlərə məsləhətim budur ki, kompyuter biliklərinə və ingilis dilində danışığa xüsusi fikir versinlər. Məsləhətim budur ki, dərsdən əlavə hobbiləri olsa da, fikirlərini yayındıracaq məşğuliyyətlərdən, xüsusilə sosial şəbəkələrdən uzaq olsunlar. Əgər istədikləri nəticəni əldə edə bilmirlərsə, daha çox çalışsınlar, ümidsizliyə qapılmasınlar. İxtisas fənlərindən başqa, digər fənlərə, məsələn, tarix, ədəbiyyat, coğrafiyaya da diqqət yetirsinlər. BANM-dəki təhsil öz müasirliyi, şəffaflığı və praktiki biliklərin çox olması ilə fərqlənir.

- Humanitar fənlərlə və ədəbiyyatla aran necədi?

- Humanitar fənləri çox sevirəm, həmişə “Coğrafiya” ilə yaxından maraqlanmışam. Mütaliə etməyə, xüsusilə tarixi əsərlər oxumağa daha çox vaxt ayırmağa çalışsam da, hal-hazırda dərslərimlə əlaqədar olaraq buna vaxt tapmıram.

- Qarşına qoyduğun məqsədlərini hansı aforizmlə ifadə edərdin?

- “Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir”.