AZ / EN / RU
SOCAR Türkiyənin nümayəndələri BANM-də oldular

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov SOCAR Türkiyənin Korporativ kommunikasiya üzrə koordinatoru Ahu Parlar və SOCAR Turkiyənin Xarici əlaqələr, Protokol və Sənədləşmə üzrə koordinatoru Mikayıl Yusifovla görüşdü. Görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında danışaraq, Ali Məktəbin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradıldığını bildirdi. O, dedi ki, BANM-in yaradılmasında əsas məqsəd yüksək ixtisaslı, ingilisdilli peşəkar mühəndislərin hazırlanmasıdır. Ali Məktəbdə qısa zaman kəsiyində böyük işlərin görüldüyünü qonaqların diqqətinə çatdıran Elmar Qasımov BANM-in dövlətimizin həyata keçirdiyi sosial yönümlü uğurlu layihələrdən biri olduğuna diqqət çəkdi və hazırda bu layihənin özünü doğrultduğunu dedi. O, ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlərin məhz BANM-i seçdiklərini vurğulayaraq təkcə keçən il Ali Məktəbin Prezident təqaüdçülərinin sayının 17 nəfər olduğunu diqqətə çatdırdı. Rektor BANM-in beynəlxalq şirkətlərlə qarşılıqlı əməkdaşlıq qurduğunu və tələbələrin SOCAR-da, o cümlədən beynəlxalq şirkətlərdə təcrübə keçdiklərini bildirdi. Rektor Elmar Qasımov "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan 10 tələbənin keçən ilin yayında Türkiyədə SOCAR-ın "Petkim" şirkətinin müəssisələrində iki qrup üzrə yay istehsalat təcrübəsi keçdiyini xatırlatdı. O, bu il də tələbələrin xaricdə istehsalat təcrübəsinə göndəriləcəyini dedi.

 

SOCAR Türkiyənin nümayəndələri səmimi qəbula görə təşəkkür edərək BANM-də olmaqdan məmnunluq bildirdilər. Ali Məktəblə SOCAR Türkiyə arasında əməkdaşlığın inkişaf perspektivləri haqqında təklif və mülahizələrini irəli sürdülər.

 

Qeyd edək ki, BANM-in tələbələri keçən ilin yayında 25 gün ərzində nəhəng obyekt olan SOCAR-ın "Petkim" şirkətinin müəssisələrində tikinti-quraşdırma və tamamlama işləri və müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olublar. Təcrübənin sonunda BANM-in tələbələrinə “Petkim” şirkəti tərəfindən sertifikatlar təqdim olunub.