AZ / EN / RU
BANM-də 182 və 193 saylı orta məktəblərinin şagirdləri ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Bakı şəhəri 182 və 193 saylı orta məktəblərinin 8-10-cu sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə hər iki məktəbin müəllimləri və şagirdləri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova iştirak ediblər.

 

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı şagirdləri salamlayıb və Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. H.Sadıqlı təqdimatla çıxış edərək, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib.

 

Təqdimatda BANM-in 2015/2016-cı tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığı və bütün göstəricilərə görə dinamika müşahidə olunduğu vurğulanıb.

 

Sonra BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova çıxış edərək, tədbir iştirakçılarına BANM-in rəsmi saytı, Ali Məktəbdə keçirilən tədbirlər, tələbələrin bu tədbirdə fəal iştirakı və reytinqlərdə BANM-in daima ilk yerlərdə olması haqqında danışıb. O, bütün sadalananların BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olmasının sübutu olduğun vurğulayıb və şagirdlərə gələcəkdə burada təhsil almağı tövsiyə edib. Zeynab Kazımova BANM-də oxumağın gələcəkdə onların əsl peşəkar mühəndislər və neftçilər olaraq yetişməsinin qarantı olduğunun deyib.

 

Sual-cavab sessiyasından sonra şagirdlər BANM-in tədris auditoriyaları və laboratoriyaları, yeni kampusunun maketi ilə tanış olublar.

 

Sonda görüşdə iştirak edən müəllimlər və şagirdlər təqdimatdan məmnunluqlarını bildirib və belə səmərəli görüşün təşkilinə görə BANM-in rəhbərliyinə təşəkkür ediblər.