AZ / EN / RU
BANM-də "Narkomaniyaya qarşı mübarizə" adlı seminar keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən “Sağlam cəmiyyətə doğru” təbliğat kampaniyası çərçivəsində tələbələrə “Narkomaniyaya qarşı mübarizə” adlı seminar keçirilib. Seminar Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva tərəfindən aparılıb.

 

“Seminarda gənclərə narkotik və narkomaniya sözlərinin izahı, narkotik vasitələr, müxtəlif növləri, onların insan həyatına və cəmiyyətə təsiri, öldürücü riskləri, mənşəyi və narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərləri, qanunsuz istifadəsi və dövriyyəsi barədə geniş məlumat verilib. Leyla Yolçiyeva son illərin dünya statistikasına görə narkotiklərin qeyri-qanuni dövriyyəsi hallarının və narkomanların sayının artdığını nəzərə alaraq bu seminarın keçirilməsinin gənclərin narkomaniya əleyhinə maarifləndirilməsində zəruri olduğunu bildirib.

 

Seminar sual-cavab sessiyası ilə yekunlaşıb. Sonda tələbələrə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə hazırladığı maarifləndirici bukletlər paylanılıb.

 

Qeyd edək ki, “Narkomaniyaya qarşı mübarizə” adlı seminarın keçirilməsinin əsas məqsədi tələbələri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaqdır.