AZ / EN / RU
Bakı Ali Neft Məktəbində valideynlərlə görüş keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin valideynləri ilə görüş keçirildi. Görüşdə BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov tələbələrin valideynlərini Ali Məktəbin rektoru, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Elmar Qasımovun adından salamladı. Prorektor Ramiz Hümbətov bildirdi ki, BANM-də müntəzəm olaraq tələbələr və onların valideynləri ilə görüşlər keçirilir. Burada əsas məqsəd qarşılıqlı fikir mübadiləsi aparmaq, bir sıra məsələləri müzakirə etmək, xüsusilə birinci kursda təhsil alan tələbələrin Ali Məktəbə uyğunlaşması mərhələsində onlara dəstək olmaqdır. Tələbələrin və onların valideynlərinin BANM-dəki təhsil, tədrisin keyfiyyəti ilə bağlı fikirlərini, tələbələrin sosial mühitə uyğunlaşması ilə bağlı çətinliklərini öyrənmək, onlarla daha yaxından ünsiyyət qurmaq üçün həyata keçirilir. Ramiz Hümbətov Ali Məktəbdə tələbələr üçün yaradılan şəraitdən söz açaraq, burada təhsilin, o cümlədən təlim-tərbiyə işlərinin yüksək səviyyədə olduğunu dedi. Prorektor tələbələrin sosiallaşması üçün keçirilən tədbirlərdən, Ali Məktəbin rektoru və rəhbərliyi tərəfindən tələbələrə göstərilən diqqətdən, eyni zamanda işçi heyəti və müəllimlərin tələbələrə qayğısından söz açdı. O, tədrisin təşkli, imtahanların keçirilməsi ilə bağlı danışaraq Ali Məktəbdə həm yüksək səviyyəli, peşəkar mütəxəssislərin, həm də dövlətçilik və vətənpərvərlik, öz ölkəsinə, xalqına hörmət ruhunda vətəndaşların hazırlandığını dedi.

 

BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı öz növbəsində, tələbələrin ictimai aktivliyindən söz açaraq onların Ali Məktəb tərəfindən həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətindən danışdılar.

 

Görüşdə İngilis dili və humanitar fənlər mərkəzinin müdirti Kəklik Gözəlova və mərkəzin müəllimləri, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" kafedrasının müdiri Manafəddin Namazov və kafedranın müəllimləri, həmçinin Rəhbərlik yanında aparatda psixoloq Zərinə Əliyeva BANM-də tədris, təlim-tərbiyə, tələbələrin sosial həyata uyğunlaşması ilə bağlı fikirlərini bildirdilər və valideynlərə tövsiyələrini verdilər. Onları maraqlandıran suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı.

 

Görüşün sonunda valideynlər öz fikirlərini bildirərək Ali Məktəbdə yaradılan şəraitə və mühitə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildirdilər.