AZ / EN / RU
Bakı Ali Neft Məktəbində valideynlərlə görüş keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin valideynləri ilə görüş keçirildi. BANM-in rektoru Elmar Qasımov valideynləri salamlayaraq bildirdi ki, Ali Məktəbdə tələbələrlə və onların valideynləri ilə görüşlərin keçirilməsində əsas məqsəd bir sıra məsələləri müzakirə etmək, xüsusilə birinci kursda təhsil alan tələbələrin Ali Məktəbə uyğunlaşması mərhələsində onlara dəstək olmaq və qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Rektor Elmar Qasımov I kurs tələbələrinin Ali Məktəbə uyğunlaşma prosesi, təlim-tərbiyə, sosiallaşma ilə bağlı onlarla ünsiyyətin qurulması haqqında danışdı. Ali Məktəbdə həyata keçirilən tədris, təlim-tərbiyə prosesi ilə bağlı məlumat verdi. Tələbələrin bilik və savadla yanaşı, həm də bacarıqlarının formalaşması istiqamətində işlərin aparıldığını nəzərə çatdırdı. Elmar Qasımov Ali Məktəbin kampusu, orada tələbələr üçün yaradılan şərait haqqında da söz açdı.

 

Görüşdə valideynlər övladlarının uğurları, çətinlikləri, psixoloji durumları barədə məlumatlandırılaraq onlarla müzakirələr aparıldı və tövsiyələr verildi. Valideynləri maraqlandıran suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı. 

 

İngilis dili və humanitar fənlər mərkəzinin müdiri Kəklik Gözəlova və mərkəzin müəllimləri, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" kafedrasının müdiri Manafəddin Namazov və kafedranın müəllimləri, həmçinin Rəhbərlik yanında aparatda psixoloq Zərinə Əliyeva BANM-də tədris, təlim-tərbiyə, tələbələrin sosial həyata uyğunlaşması ilə bağlı fikirlərini bildirdilər.

 

Görüşün sonunda valideynlər Ali Məktəbdə yaradılan şəraitə və mühitə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildirdilər.