AZ / EN / RU
BANM-də "Zirvə" hazırlıq kurslarının abituriyentləri ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “Zirvə kursları”nın abituriyentləri ilə görüş keçirilib. Görüşdə kursun müəllimləri, filial müdirləri və abituriyentləri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və BANM-in tələbə təşkilatlarının fəal üzvləri iştirak ediblər.

                                                                                      

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı hər kəsi salamlayıb və Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib.  H.Sadıqlı təqdimatla çıxış edərək, abituriyentlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri,  BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri  haqqında geniş məlumat verib.

 

Təqdimatda BANM-in 2015/2016-cı tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığı və bütün göstəricilərə görə dinamika müşahidə olunduğu vurğulanıb.

 

Sonra “Zirvə” hazırlıq kursunun müəllimləri tərəfindən psixoloji seminar keçirilib. 

 

Abituriyentləri maraqlandıran suallar Həbibə Sadıqlı və  BANM-in tələbə təşkilatlarının fəal üzvləri tərəfindən ətraflı cavablandırılıb. Tədbirdən sonra abituriyentlər BANM-in tədris auditoriyaları və laboratoriyaları, yeni kampusunun maketi ilə tanış olublar. 

 

 Sonda görüş iştirakçıları təqdimatdan məmnunluqlarını bildirib və belə səmərəli görüşün təşkilinə görə BANM-in rəhbərliyinə təşəkkür ediblər.