AZ / EN / RU
Bakı Ali Neft Məktəbində valideynlərlə görüş keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin valideynləri ilə görüş keçirildi. BANM-in rektoru Elmar Qasımov valideynləri salamlayaraq dörd il öncə tələbələrin valideynləri ilə olan görüşü xatırlatdı. Rektor Elmar Qasımov Azərbaycan cəmiyyətində təlim-tərbiyə prosesində ailənin, valideynlərin böyük rolu olduğunu dedi. Tələbələrin sosiallaşması ilə bağlı BANM-də müxtəlif tədbirlərin keçirilməsindən söz açaraq o, tələbələrin belə tədbirlərdə iştirakının onların sosial mühitə daha yaxşı uyğunlaşmasına yardımçı olduğunu vurğuladı. Rektor çıxışında tələbələrin BANM-dəki fəaliyyəti haqqında statistikanı da nəzərə çatdırdı. Elmar Qasımov təhsildə və Ali Məktəbin beynəlxalq şirkətlərlə əməkdaşlığı çərçivəsində təşkil olunan istehsalat təcrübəsi zamanı tələbələrin əldə etdiyi nailiyyətlərə də toxundu.

 

Görüşdə, həmçinin valideynlərlə müzakirələr aparıldı və tövsiyələr verildi. Valideynləri maraqlandıran suallar cavablandırıldı və suallar ətrafında geniş fikir mübadiləsi oldu.