AZ / EN / RU
Bakı Ali Neft Məktəbi ABŞ-ın Turnitin şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı

BANM-də Turnitin şirkətinin plagiatlıq faktlarının aşkarlanması Internet servisi tətbiq olundu

 

Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Turnitin şirkəti ilə  plagiatlıq faktlarının aşkarlanması və qarşısının alınması Internet servisinin Ali Məktəbdə tətbiq olunmasına dair əməkdaşlıq müqaviləsi imzaladı. İmzalanma mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti, və Turnitin şirkətinin Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Katerina Levçenko iştirak ediblər.

 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tədris prosesində şəffaflığın təmin olunması məqsədi ilə tətbiq olunan müasir informasiya texnologiyalar və vasitələr, plagiatlıq etməyə cəhd göstərən tələbələrə qarşı görülən ciddi tədbirlər haqqında qonağa məlumat verib. Rektor tələbələrin elmi və tədris işlərində plagiatlığa yol verməsinin nəinki tədris prosesinə, həmçinin onların gələcək fəaliyyətinə əks təsir göstərə biləcəyini bildirib. Elmar Qasımov plagiatlıq faktlarının aşkarlanması və qarşısının alınması Internet servisinin BANM-də tətbiqinin tələbələrin elmi işlərinin müstəqil və məsuliyyətli şəkildə hazırlanmasında və tədris prosesinin təkmilləşdirilməsində vacib olduğunu vurğulayıb. Turnitin şirkətinin onlayn servisindən 140 ölkədə  15.000-dən artıq təhsil müəssisəsinin istifadə etdiyini deyən rektor bu sistemin BANM-də tətbiqi onun dünyanın ən qabaqcıl universitetləri sırasına daxil olması prosesinə təkan verəcəyinə əminliyini bildirib.

 

Turnitin şirkətinin Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Katerina Levçenko tədbir iştirakçılarına Turnitin şirkətinin internet-əsaslı plagiatlıq faktlarının aşkarlanması və qarşısının alınması Servisinin təhsil sahəsində dünyada ən geniş yayılmış proqram təminatlarından biri olduğunu bildirib. K.Levçenko Internet servisin imkanları, təhsilə verdiyi faydaları və  istifadə qaydaları haqqında danışıb.

 

Tədbirdən sonra şirkət nümayəndəsi BANM-in professor-müəllim heyəti və tələbələrinə “Tələbələrə tədris və elmi işlərinin yazılmasının öyrədilməsi sahəsində inqilab” mövzusunda təqdimat keçirərək Servisin tez bir vaxtda tələbələrin işlərinin orijinallığının necə yoxladığını və təhlil etdiyini nümayiş etdirib. Sonda K. Levçenko müəllim və tələbələrin mövzu üzrə maraqlandıran suallarını cavablandırıb.

 

Qeyd edək ki, Turnitin şirkətinin plagiatlıq faktlarının aşkarlanması və qarşısının alınması Internet servisi artıq Bakı Ali Neft Məktəbinin istifadəsindədir.