AZ / EN / RU
BANM-də Gəncənin "Kəpəz" tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Gəncənin "Kəpəz" tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib. Görüşdə Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı, BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, tədris mərkəzinin müəllimləri və abituriyentləri iştirak ediblər.

 

Tədbirdən öncə abituriyentləri salamlayan BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Ali Məktəbin tədris auditoriyaları, laboratoriyaları, yeni kampusunun maketi ilə onları yaxından tanış edib.  O bu tədris ili üzrə 17 Prezident təqaüdçüsünün BANM-i seçdiyini və abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də BANM üzrə göstəricinin yüksək 81,39% olduğunu deyib. O bu sadalananların BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olmasının sübutu olduğunu vurğulayıb və abituriyentlərə gələcəkdə burada təhsil almağı tövsiyə edib.

 

Tədbiri açan BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova abituriyentlərə BANM haqqında məlumat verərək təqdimatla çıxış edib. Zeynab Kazımova BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, Ali Məktəbin beynəlxalq əlaqələri, o cümlədən əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və Ali Məktəbin  fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib. O, həmçinin BANM-in rəsmi saytı, sosial şəbəkələrdə təmsil olunması ilə bağlı danışıb. Ali Məktəbdə tələbələrə rəhbərlik tərəfindən yaradılan yüksək şərait və sağlam mühitdən söz açıb. Zeynab Kazımova SOCAR-ın müəssisələrində və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdə tələbələrin gələcəkdə öz karyeralarını qurmaq üçün Ali Məktəbin rəhbərliyi tərəfindən aparılan işlərə diqqət çəkib.  

 

Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov BANM-də mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edildiyini bildirib. O, abituriyentlərə Ali Məktəbi seçməyi və burada təhsil almağı tövsiyə edib.

 

Görüş çərçivəsində abituriyentləri maraqlandıran bütün suallar cavablandırılıb.

 

Sonda görüşdə iştirak edən müəllimlər və abituriyentlər təqdimatdan məmnunluqlarını bildirib və belə səmərəli görüşün təşkilinə görə BANM-in rəhbərliyinə təşəkkür ediblər.