AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri "Azərikimya"da təcrübə keçəcəklər

Bakı Ali Neft Məktəbi (BANM) və "Azərikimya" İstehsalat Birliyi (İB) arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.

 

 Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevə Ali Məktəblə sıx əməkdaşlığa və bu addımın atılmasında verdiyi dəstəyə görə öz təşəkkürünü bildirdi. Elmar Qasımov dedi ki, imzalanan müqavilə mütəxəssis hazırlığı prosesində və biliklərin yayılmasında əməkdaşlığın həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, müqavilənin əsas məqsədi Bakı Ali Neft Məktəbində bakalavriat səviyyəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və “ömürböyü təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasında birgə əməkdaşlıqdan ibarətdir. Rektor Ali Məktəbin həm yerli, həm də beynəlxalq şirkətlərlə səmərəli əməkdaşlıq etdiyini vurğulayaraq, tələbələrin peşəkar kadrlar kimi yetişməsində bu müəssisələrdə keçdikləri istehsalat təcrübəsinin əhəmiyyətini də vurğuladı. Bu baxımdan, Elmar Qasımov BANM tələbələrinin "Azərikimya" İB-də bir neçə dəfə təcrübədə olduqlarını xatırlatdı.

 

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, deputat Muxtar Babayev Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan Ali Məktəbdə olmaqdan məmnun olduğunu bildirdi. O, bu müqavilənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə olan tələbələr üçün böyük rolu olacağına inamını ifadə etdi. Muxtar Babayev dedi ki, rəhbərlik etdiyi İB əməkdaşlıq çərçivəsində BANM-in kampusunda neft-qaz emalı, neft-kimya, proseslərin avtomatlaşdırılması  yönümlü tədris və tədqiqat mərkəzlərinin yaradılmasına təşkilati və texniki yardım göstərəcək. O, həmçinin BANM-də müxtəlif ixtisaslar üzrə müasir tədris proqramları əsasında mühəndis kadrların hazırlanması layihələrinə dəstək verilməsi, İB-in aparıcı mütəxəssislərinin BANM-də mütəxəssis hazırlığı proqramları çərçivəsində müxtəlif fənlərin tədrisinə müəllim kimi cəlb olunmasına şəraitin yaradılması, BANM-in tələbələri üçün İB-in tabeliyində olan obyektlərə tanışlıq səfərlərinin təşkili, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin İB-in strukturlarında layihələndirmə, tikinti-quraşdırma və istismar mərhələlərində istehsalat təcrübəsi keçməsi üçün şəraitin yaradılmasının da həyata keçiriləcəyini vurğuladı.

 

Sonra müqavilənin imzalanma mərasimi oldu.

 

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində "Azərikimya" İB-in mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələr təqdim ediləcək. Neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfranslar təşkil olunacaq. İB-in mütəxəssisləri tərəfindən BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması məqsədilə qarşılıqlı əməkdaşlıqda bir sıra işlərin görülməsi, o cümlədən İB-in mütəxəssisləri tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı BANM-də hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi müqavilədə öz əksini tapıb.

 

Xatırladaq ki, ötən yay BANM-in 42 nəfər “Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində "Azərikimya" İB-in strukturlarında istehsalat təcrübəsi keçiblər. Onlardan 17 nəfəri isə, 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçərək maaşla təmin olunublar.