AZ / EN / RU
BANM-in Mərkəz rəhbəri Dövlət Agentliyi tərəfindən "Fəxri fərman"la təltif olundu

Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimində BANM-in Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov respublikanın energetika və sənaye kompleksinin inkişafındakı xüsusi xidmətlərinə görə  Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun imzası ilə “Fəxri fərman”la təltif olundu.

 

Qeyd edək ki, Sənan Eminov Türkiyənin Orta Doğu Texniki Universitetində I kursu bitirdikdən sonra təhsilini Almaniyanın  Beynəlxalq Bremen Universitetində davam etdirib. O, 2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistraturada təhsil alıb. Magistratura pilləsini bitirdikdən sonra Sənan Eminov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsində təhsilini davam etdirib. Sənan Eminov doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.    O, 2015-ci ilin sentyabr ayından Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin “Kimya mühəndisliyi” kafedrasına baş müəllim kimi təyinat alıb. O, 2016-cı ilin fevral ayından rektor Elmar Qasımovun müvafiq əmri ilə Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri vəzifəsinə təyin olunub.