AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq forumun sertifikatı ilə təltif olundular

Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Fəhmin Hüsüzadə və “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Zərifə Orucova İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində keçirilmiş Tələbələrin I Beynəlxalq Forumunda iştiraka görə İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin  rektoru Viktor Qeorqiyeviç Martınovun imzası ilə sertifikatla təltif olunublar. BANM-in rektoru Elmar Qasımov bu münasibətlə tələbələrlə görüşüb və onları təbrik edərək uğurlar arzulayıb. Rektor Elmar Qasımov Ali Məktəbi və ölkəmizi beynəlxalq tədbirdə uğurla təmsil etdiklərinə görə tələbələrə təşəkkür edib.

                                                                                                                                                                                                                        

 Xatırladaq ki, BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Fəhmin Hüsüzadə və “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Zərifə Orucova 27 fevral-6 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin təşkilatçılığı ilə keçirilmiş Tələbələrin I Beynəlxalq Forumunda iştirak edərək BANM-i və Azərbaycanı bu Forumda təmsil ediblər. Forum ərzində İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində təhsil alan müxtəlif millətlərdən olan tələbələrin iştirakı ilə milli mətbəx, mədəniyyət nümunələri, geyimlərin nümayiş olunduğu tədbirdə BANM-in tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər. Tələbələr sözügedən ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrlə, həm AMOR, həm də digər yerli təşkilatlarda təmsil olunan gənclərlə də görüşərək fikir mübadiləsi aparıblar. Tələbələr Forum iştirakçılarına daha dolğun məlumat verilməsi üçün onlara BANM barəsində ingilis və rus dilində bukletlər, Azərbaycan haqqında müxtəlif məlumat tipli materiallar paylayıblar. Tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Forumun iştirakçılarına müntəzəm olaraq məlumat veriblər və onların suallarını cavablandırıblar.