AZ / EN / RU
Avstriyanın dünya şöhrətli alimi BANM-dəki təlimləri başa çatdı

Bakı Ali Neft Məktəbində (BANM) Vyana Texnologiya Universitetinin Mühəndisliyin idarəedilməsi üzrə magistratura proqramının yaradıcısı və proqram direktoru, dünya şöhrətli professor Peter Kopaçekin Ali Məktəbin tələbələri üçün keçirdiyi iki günlük təlimlər sona çatdı.

 

Təlimin ikinci günündə professor Peter Kopaçek “Mexaniki idarəetmənin sonu” mövzusunda təqdimatla çıxış etdi.

 

Professor Peter Kopaçek iki günlük təlimlərdə proseslərin avtomatlaşdırılması, istehsalın avtomatlaşdırılması, robotlar, sosial aspektlər və etika istiqamətləri, o cümlədən mexaniki idarəetmənin sonu, tullantıların emalı, qiymətli metallar, təkrar istifadə üzrə bir sıra məsələlərə toxunub. Təlimlər BANM tələblələri tərəfindən böyük maraqla qarşılanıb. Professor tələbləri maraqlandıran sualları cavablandırıb, təlimin gedişində bir sıra müzakirələr və fikir mübadiləsi aparılıb.

 

BANM-in rektoru Elmar Qasımov qonağa bir daha təşəkkür edərək, tələbələr üçün keçirdiyi təlimlərin onların ixtisaslarının mənimsənilməsində və gələcək fəaliyyətlərində səmərəli olacağına əminliyini bildirib. Elmar Qasımov qonağı BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edib.

 

Qeyd edək ki, Peter Kopaçek 1971-ci ildə idarəetmə üzrə doktorluq dərəcəsini fərqlənmə ilə alıb. 1986-1990-cı illərdə Avstriyanın Linz Universitetində Sistem mühəndisliyi və avtomatika üzrə professor vəzifəsində çalışıb.  1990 – 2008-ci illərdə Avstriya Texnologiya Universitetinin İdarəetmə Qurğuları və Robotika İnstitutunun rəhbəri, Avstriya Sistem Mühəndisliyi və Avtomatika Cəmiyyətinin prezidenti vəzifələrində çalışıb. 1985-ci ildən etibarən Beynəlxalq Mühasibatçılar Federasiyasının Avstriya bölməsinin və Avstriya Avtomatika və Robotika Cəmiyyətinin vitse-prezidenti və baş katibidir. Üç dəfə fəxri doktor adını alıb, Saksonia Elmlər Akademiyasının və Almaniya Texniki Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Avtomatik idarəetmə Federasiyası, Beynəlxalq Robotika Federasiyası, Elektrik və Elektronika Mühəndisləri İnstitutunun üzvüdür. 2006-cı ildə Amerika Sənaye Robotikası Cəmiyyətinin  “Engelberger  mükafatını” alıb. 6 kitabın və 300-dən artıq elmi məqalənin müəllifidir.