AZ / EN / RU
BANM-də "Schlumberger" şirkətinin təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün “Schlumberger” şirkəti tərəfindən 17-22 iyul tarixlərində Bakıda təşkil olunacaq yay düşərgəsi ilə bağlı təqdimat keçirilib. Tədbirdə BANM-in “Neft-qaz mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan 2, 3 və 4-cü kurs tələbələri iştirak edib. Onlara “Schlumberger” şirkətinin təşkil etdiyi yay düşərgəsi haqqında ətraflı məlumatı şirkətin Xəzər regionunda kadrlar və universitetlərlə əlaqələr üzrə meneceri Asset İskakov verib.

 

Təqdimatda “Schlumberger” şirkəti tərəfindən hər il bir həftəlik intensiv proqram əsasında təşkil olunan  yay düşərgəsi, seçim mərhələləri, qəbul şərtləri, həmçinin şirkətin fəaliyyəti,  Xəzər regionunda neft və qaz sənayesi üzrə təklif etdiyi xidmətləri və digər fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.

 

Sonra şirkətin nümayəndəsi tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Sonda yay düşərgəsində iştirak etmək istəyən tələbələr arasında seçim mərhələsinin ilk turu keçirilib. Seçimin növbəti mərhələsindən uğurla keçən tələbələr yay düşərgəsində iştirak etmək imkanı qazanacaqlar.

 

Qeyd edək ki, yay düşərgəsi “Schlumberger” şirkətində gələcəkdə neft və qaz sənayesi üzrə karyeralarını qurmaq istəyən tələbələr üçün nəzərdə tutulur. Yay düşərgəsi zamanı öz fəaliyyəti ilə fərqlənən tələbələrə işlə bağlı təkliflər olacağı gözlənilir. Ümumilikdə düşərgədə müxtəlif ali təhsil ocaqlarında təhsil alan 16 tələbənin iştirakı nəzərdə tutulur.