AZ / EN / RU
Alman tələbələr BANM-in "Bakı Yay Neft Məktəbi"ndə

Bakı Ali Neft Məktəbində (BANM) “Bakı Yay Neft Məktəbi”nin açılış mərasimi keçirildi. Belə ki, Bakı Ali Neft Məktəbinin yay məktəbi keçirmək üçün təklif etdiyi layihə Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramı çərçivəsində maliyyələşdirilmək üçün qəbul edilib. Layihə rəhbəri BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.

 

Tədbiri açılış nitqi ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixindən, fəaliyyət istiqamətlərindən söz açdı. Rektor Ali Məktəbin əldə etdiyi uğur və nailiyyətlərə toxunaraq, burada həyata keçirilən layihələrdən də danışdı. BANM-də bu layihənin reallaşmasının, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 6 tələbənin bu layihədə iştirakından məmnunluğunu bildirdi. Elmar Qasımov layihə iştirakçılarına uğurlar arzuladı.

 

Tədbirdə iştirak edən DAAD-nin Bakıdakı informasiya mərkəzinin nümayəndəsi Stefani Dufo iştirakçıları təbrik edərək bildirdi ki, bu layihə artıq ikinci dəfədir ki, məhz BANM-də həyata keçirilir. O, alman tələbələrin belə bir layihədə iştirak etmək şansını qazanmalarının onların Azərbaycanın nüfuzlu ali təhsil müəssisəsi olan BANM-lə, ümumiyyətlə  Azərbaycan ilə tanışlığına imkan verəcəyini bildirdi. Stefani Dufo Azərbaycanın qonaqpərvər bir ölkə olduğunu vurğuladı.

 

Layihə rəhbəri BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskaya layhə haqqında qısa məlumat verərək iştirakçıları təqdim etdi.

 

Sonra BANM-in IV kurs tələbələri Fidan Səlim-zadə və Leyla Pişyari “Bakı Yay Neft Məktəbi”nin açılışına həsr etdikləri təqdimatla çıxış etdilər.

 

Qeyd edək ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” Proqramının çərçivəsində Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Yay Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 10 mütəxəssis iştirak edəcək. “Baki Yay Neft Məktəbi” sentyabr ayının 14-dən 24-dək BANM-də keçiriləcək. Layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, Bərpaolunan enerji mənbələri mövzularında dərslər keçiriləcək. Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, həmçinin Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Qobustan milli tarixi incəsənət muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq, Heydər Əliyev məscidini ziyarət edəcəklər. Ən nəhayət, proqram çərçivəsində tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Sənqaçal Neft Terminalı, palçıq vulkanları,  tarixi neft quyuları, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə səfər edəcəklər.

 

Proqramı uğurla tamamlayan iştirakçılar BANM tərəfindən sertifikatlarla mükafatlandırılacaqlar.