AZ / EN / RU
BANM-də İSO monitorinqi yekunlaşdı

Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSE) auditorları beynəlxalq standartların tətbiqinin yoxlamasının nəticələrini açıqlayıblar. Belə ki, bir həftə ərzində keçirilən audit yoxlamasından sonra BANM-in konfrans zalında auditin yekun nəticələrinə dair iclas olub. İclasda rektor Elmar Qasımov, TSE-nin Azərbaycan üzrə təmsilçisi Selim Çelebi, TSE-nin baş auditoru Volkan Cağın və BANM-in professor-müəllim heyəti iştirak ediblər.

Rektor Elmar Qasımov bildirib ki, BANM-in fəaliyyətində keyfiyyətin idarə olunması, ekologiya idraəetmə sistemi, əməyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək nəticələrə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir. Rektor TSE nümayəndələrinə apardıqları yoxlamalarda hərtərəfli təftişə görə təşəkkür edib. Elmar Qasımov bu tədbirlərin bütövlükdə Ali Məktəbin inkişafına xidmət etdiyini vurğulayıb.

Türk Standartları İnstitutunun (TSE) Azərbaycandakı təmsilçisi Selim Çelebi və TSE-nin baş auditoru Volkan Cağın həftə ərzində keçirilən audit yoxlamasının nəticələrinin qənaətbəxş olduğunu bildiriblər. TSE-nin nümayəndələri görülən işləri yüksək qiymətləndirərək Ali Məktəbdə idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi qeyd ediblər. TSE nümayəndələri İSO standartlarının üç modul üzrə BANM-də tətbiqinin beynəlxalq standartlara uyğunlüğunu təsdiqləyiblər.

Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlar əldə edib.