AZ / EN / RU
BANM-ın fəaliyyəti beynəlxalq mediada

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) (The Organization of Asia-Pacific News Agencies - OANA) saytında BANM-də keçirilən tədbirlər haqqında məqalə və məlumatlar yerləşdirilmişdir. BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı press relizlər mütəmadi olaraq Business News World, Weekly News Brochure, Tech News Coverage, Digital News World, Finance News Coverage, Online News Planet və digər beynəlxalq nəşrlər tərəfindən işıqlandirilir. Belə ki, Ali Neft Məktəbinin fəaliyyəti xarici kütləvi informasiya vasitələri və beynəlxalq media qurumlarının marağına səbəb olmuşdur.

BANM-ın rektoru Elmar Qasımov bildirmişdir ki, “Fəaliyyətimizə və Ali Məktəbimizin uğurlarına xarici kütləvi informasiya vasitələrinin marağı Bakı Ali Neft Məktəbinin beynəlxalq nüfuzunun genişlənməsi və neft-qaz sənayesi üçün yüksək ixtisaslı və beynəlxalq standartlara cavab verəcək kadrların hazırlanmasının göstəricisidir. BANM-in fəaliyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin uğurlu və peşəkar fəaliyyətinin göstəricisidir” – deyə o, vurğulamışdır.

OANA təşkilatına Asya və Sakit okean regionunun YUNESKO-nun üzv ölkələrinin 40-dan artıq xəbər agentliyi daxildir. Azərbaycanı bu təşkilatda “Trend” İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) təmsil edir. Bu il noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assamble­yasının birgə açılış mərasimi keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov OANA-nın yeni prezidenti seçilib.