AZ / EN / RU
Tələbəmiz "Tələbə Təqaüd Proqramı"nın qaliblərindən biri oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə IV kursda təhsil alan tələbəsi Asiman Səidzadə “Azercell Telekom” MMC-nin 1 oktyabr 2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son seçimlərdə qaliblərdən biri olub.

 

Tələbə Təqaüd Proqramının mərhələli seçimləri nəticəsində 27 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

 

Xatırladaq ki, Asiman Səidzadə ötən il 28 May Respublika günündə və 15 iyun Milli Qurtuluş günündə respublikanın ali məktəb tələbələri arasında keçirilmiş və "Multikulturalizm ili"nə həsr olunmuş "Azərbaycanın ən zəkalı bir incisi" Bilik Olimpiadası qaliblərindən olub. Sözügedən olimpiadada 1000-dən artıq tələbə iştirak etmişdi. 3-cü yeri tutan Asiman Səidzadə 400 AZN Galaxy təqaüdü, musiqi player, Mado hədiyyə kartı, Galaxy xidmətlərinə 100% endirim və bir sıra hədiyyələrlə mükafatlandırılmışdı.