AZ / EN / RU
Bakı Haqqında

Ümumi informasiya

Bakı - Azərbaycan Respublikasının paytaxtı, nəinki ölkənin, habelə bütün regionun ən iri sənaye, elmi və mədəni mərkəzidir. Bakı inzibati ərazi bölgüsünə görə 11 inzibati rayona bölünür.

Bakının tarixinə nəzər salsaq, bu şəhər qədim dövrlərdən Xəzərin sahilində olan ilk dəniz limanı idi. Əgər nəzərə alsaq ki, bütün Azərbaycan şərti olaraq Avropa ilə Asiyanın sərhəddində olan bir ölkədir, onda Bakının yerləşdiyi Abşeron yarımadası Avropaya can atan Asiyanı və Uzaq Şərq ölkələrini, habelə onların əhalisini öyrənmək istəyən avropalılar üçün əsas qapılardan biri idi.

Neft hasili şəhərin tarixində böyük əhəmiyyət kəsb edirdi. Neftlə yüklənmiş dəvə karvanları məşhur İpək yolu ilə buradan Avropaya və Asiyaya yollanırdı.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə Bakı SSRİ-nin hərbi aviasiyasını və bronetexnikasını yanacaqla təmin edən əsas strateji mərkəz idi, bu da SSRİ-nin qələbəsinin əsas amillərindən biri oldu.

Bakı şəhərinin müasir simasının təşəkkülündə XX əsrin 70-ci illərində o dövrdə Azərbaycan SSR MK-ın Birinci katibi olan Heydər Əliyev mühüm rol oynayıb və Bakının simasının öz tarixiliyini qorumaqla müasirləşdirilməsi ilə bağlı şəhərin o zamankı meri – Əliş Ləmbəranskiyə müvafiq tapşırıqlar verib. Heydər Əliyev Azərbaycanda memarlığın və mədəniyyətin inkişafının daha böyük vüsət alması üçün Bakıda bir sıra gözəl memarlıq abidələri, mədəni və istirahət güşələri, park və meydanların salınması, bununla yanaşı, bir çox dövlət əhəmiyyətli vacib obyektlərin tikilməsi ilə bağlı xüsusi qərarlar verib.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən və 1993-cü ildə Ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə siyasi birləşmə, iqtisadi və sosial yüksəliş dövrü başlandı. Bakı şəhəri bu gün bütün Cənubi Qafqaz regionunun həm də elmi-texniki və sənaye mərkəzidir Hal-hazırda Bakı Cənubi Qafqazın iri iqtisadi, sosial və mədəni mərkəzi hesab olunur. 1873-cü ildə burada ilk milli teatr yaradılıb, 1908-ci ildə isə müsəlman Şərqində ilk dəfə olaraq «Leyli və Məcnun» operası səhnəyə qoyulub. Azərbaycanda ilk universitet və ilk kitabxana da məhz Bakıda açılıb.